Gələn həftə Gəncə–Qəbələ qatarı ilk səfərə çıxacaq

post-img

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 2026-cı il yanvarın 12-dən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq.

Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti isə 1 saat 50 dəqiqə təşkil edəcək. Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4 manat 30 qəpik, Ləki–Qəbələ istiqamətində isə 1 manat 70 qəpik təşkil edəcək. Eyni zamanda, bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək.

Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatmaqla saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çataraq saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər. Ümumilikdə isə, yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək.

Xatırladaq ki, yanvarın 5-dən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə biletlərin satışına başlanılıb.

XQ

İqtisadiyyat