Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Dövlət başçısı çıxışında bildirib ki, təkcə Ağdamda deyil, bütün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur və mədəniyyət ocaqları istismara verilib.
Ölkə başçısı onu da xatırladıb ki, rayonda nəqliyyatla bağlı məsələlər həll olunur: “Birinci layihə Bərdə–Ağdam avtomobil yolu, Bərdə–Ağdam dəmir yolu olmuşdur. Dəmiryol vağzalı istismara verilmişdir. Hazırda biz vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Ağdam–Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq”.
Qeyd edək ki, Ağdam rayonu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı layihələr çərçivəsində bir sıra tarixi, mədəni və ictimai obyektlər bərpa olunub və istifadəyə verilib.
Ən diqqətçəkən nailiyyətlərdən biri Ağdam Cümə məscidinin bərpasıdır. Bu məscid regionda dini və tarixi irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, tamamilə dağıdılmış Qiyaslı məscidi də yenidən açılıb. Hər iki Məscidin bərpası işğal dövründə müsəlmanlara qarşı edilən təhqirlərin aradan qaldırılması baxımından zəruri idi. Bundan başqa, rayonda su təchizatı məsələləri də həllini tapıb. Xaçınçay su anbarı yenidən qurulub, suvarma işləri təmin olunub. Mədəni irsin bərpası sahəsində də mühüm işlər görülüb.
Erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq abidələri də yenidən öz görkəminə qayıdır. Ağdamda yerləşən tarixi “İmarət” kompleksi tamamilə bərpa edilib, Natəvanın ermənilər tərəfindən dağıdılmış heykəlinin eynisi qoyulub. Eyni zamanda, bölgədə müasir təhsil və mədəniyyət infrastrukturu yaradılıb. İstifadəyə verilmiş məktəb geniş imkanlara malikdir, həmçinin Muğam mərkəzi, iki mehmanxana və digər sosial obyektlər fəaliyyət göstərir.
Yeri gəlmişkən, Ağdam rayonunda nəqliyyatla bağlı məsələlərə də böyük diqqət göstərilir. Bərdə–Ağdam avtomobil yolu Qarabağ bölgəsində nəqliyyat infrastrukturunun əsas obyektlərindən biridir. Avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. 24 dekabr 2023-cü ildə isə dövlət başçısı avtomobil yolunun açılışında iştirak edib. Bu yol regionlararası nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, iqtisadi və sosial fəallığın artmasına, eləcə də Ağdam Sənaye Parkının səmərəli fəaliyyətinin təmin olunmasına xidmət edir.
Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib. Bərdə–Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.
Qeyd edək ki, Bərdə–Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə, yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
Xatırladaq ki, bu ilin may ayında Ağdam rayonunda Böyük Qayıdışa daha bir mühüm töhfə verildi. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutdu. Bu kompleks regionda nəqliyyat infrastrukturunun inkişafında xüsusi əhəmiyyət daşıyır.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin ikinci mərhələsi çərçivəsində inşa olunub. Təxminən 8 hektar ərazini əhatə edən kompleksdə gözləmə zalları, bilet kassaları, mağazalar, restoranlar, istirahət və əyləncə zonaları yaradılıb. Sərnişinlərin qatar perronuna və avtobus dayanacaqlarına rahat keçidi təmin edilib.
Kompleksdə servis binaları, sərnişin platformaları, müxtəlif tutumlu avtodayanacaqlar, avtobus perronları, velosiped dayanacaqları və elektromobillər üçün elektrikdoldurma məntəqələri mövcuddur. Azərbaycanda ilk qapalı dəmir yolu platforması da məhz bu kompleksdə inşa olunub.
Dəmir yolu vağzalı gündəlik 800–1000, avtovağzal isə 1300–1500 sərnişinə xidmət göstərmək gücündədir. Həmçinin kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırır, rayonun sosial-iqtisadi dirçəlişinə və Azərbaycanın nəqliyyat-logistika potensialının genişlənməsinə mühüm töhfə verir.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda icra olunan Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmir yolu layihələri işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu yeni dəmir yolu xətləri sərnişinlərin, eləcə də sənaye və kənd təsərrüfatı məhsullarının daha operativ və iqtisadi baxımdan səmərəli daşınmasını təmin edərək regionun logistik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Musa BAĞIRLI
XQ


.jpg)
