Azərbaycanda rəqəmsal iqtisadiyyata keçid

post-img

GenAİ modelinin bu prosesə töhfəsi nə ola bilər?

Son 4–5 il ərzində Azərbaycanda rəqəmsal məhsulların və ümumilikdə rəqəmsal iqtisadiyyatın formalaşması üçün yaxşı şərait yaranıb. Ölkədə müxtəlif innovasiya ekosistemləri genişlənir, investisiya mühiti yaxşılaşır, yeni dəstək platformaları formalaşır.

Azərbaycanın rəqəmsal inkişaf gündəliyi yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da ilk dəfə olaraq Generativ Süni İntellektin (GenAİ) iqtisadiyyata verə biləcəyi real təsir konkret rəqəmlərlə müəyyənləşdirilib. Bu, ölkənin iqtisadi modelinin dəyişməsi, məhsuldarlıq artımı və yeni yüksək dəyər yaradan sahələrin formalaşması deməkdir.

Strategiyaya əsasən, 2029-cu ilə qədər Azərbaycanda GenAİ-dən istifadə halları vasitəsilə yaradılan iqtisadi təsirin 70 milyon manata çatdırılması planlaşdırılır. GenAİ-dən istifadə halları vasitəsilə yaradılan iqtisadi təsir 2026-cı ildə 10 milyon manat, 2027-ci ildə 30 milyon manat, 2028-ci ildə isə 50 milyon manat olmalıdır. Maraqlıdır, görəsən Azərbaycan nə üçün generativ süni intellekti yeni sənaye inqilabının başlanğıcı kimi prioritet hesab edir? Bu yazımızda məhz GenAİ-nın üstünlüklərindən bəhs edəcəyik.

GenAİ yalnız məlumat emalı və ya rutin tapşırıqların avtomatlaşdırılması deyil. Sözügedən süni intellekt yeni məhsul və xidmətlər yaradır, innovativ biznes modellərini formalaşdırır, məhsuldarlığı kəskin artırır, insan resurslarının səmərəliliyini yüksəldir, startap ekosisteminin avantürasız, daha dəqiq və sürətli inkişafına imkan yaradır. Azərbaycan üçün bu texnologiyanın strateji əhəmiyyəti ondan ibarətdir ki, onun istifadəsi neftdənkənar sahələrin rəqabət qabiliyyəti üçün tam yeni bir mərhələ açır.

Qeyd edək ki, GenAİ Azərbaycanın iqtisadi həyatına inteqrasiyasının yalnız başlanğıc mərhələsidir. Avtomatlaşdırma, rəqəmsal xidmətlər, maliyyə texnologiyaları, təhsil və səhiyyədə e-həllər, kənd təsərrüfatında ağıllı analizlər kimi sahələrdə GenAİ-nin tətbiqi real əlavə dəyər yaradacaqdır.

Burada ən vacib məqam odur ki, dövlət siyasəti bu sahəni təşviq edir, normativ çərçivə formalaşır, biznes və startaplar üçün konkret iqtisadi motivasiya yaradılır, rəqəmsal savadlılıq və kadr potensialı strategiyanın mərkəzinə yerləşdirilir. Başqa sözlə, GenAİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin əsas dayaqlarından birinə çevrilir.

Ümumiyyətlə, qlobal bazarlarda GenAİ-ın real bizneslərə təsiri ilə bağlı rüblük hesabatlar qeydə alınır. Son bir il ərzində sözügedən süni intellektin istifadəsi ilə daha kiçik və daha səmərəli modellər, daha az gecikmə, daha geniş ixtisaslaşma müşahidə olunur. Etibarlılıq və güvən səviyyəsi də artıb, baxmayaraq ki, bu sahələrdə görüləcək iş hələ kifayət qədər çoxdur. Bu müddətdə təşkilatlara özəl, açıq mənbəli mülkiyyətçi böyük dil modellərinin (LLM) tətbiqi nisbəti 20–25 faiz səviyyəsində qalaraq məhdud olaraq davam edir. Son bir il ərzində respondentlər bildiriblər ki, onların təşkilatları GenAİ-yə hazırlıq baxımından ən çox iki kritik sahədə irəliləyiş əldə edib: texnologiya infrastrukturu və strategiya. Lakin digər iki əsas sahə — risk və idarəetmə, eləcə də kadr potensialı üzrə hazırlıq səviyyəsində nəzərəçarpacaq yaxşılaşma qeydə alınmayıb.

Respondentlərin 78 faizi növbəti maliyyə ilində ümumi süni intellekt xərclərini artıracaqlarını bildirib. Eyni zamanda, GenAİ-nin Ümumi Süni İntellekt Büdcəsindəki payı ilk rüblük sorğu ilə müqayisədə daha da genişlənib. Xüsusilə, ümumi süni intellekt büdcəsinin 20–39 faizini GenAİ-yə ayıran təşkilatların payı əhəmiyyətli dərəcədə artıb. Ümumi süni intellekt büdcəsinin 20 faizdən az qismini GenAİ-yə ayıran təşkilatların payı isə nisbətən azalıb. Bu da göstərir ki, təşkilatlar GenAİ-ni getdikcə daha prioritet sahə kimi görür və burada investisiya artımını davam etdirəcək.

Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, hazırda İsraildə İT məhsullarının illik ixracı artıq 50 milyard dolları keçib. Azərbaycan da mövcud təcrübəni öyrənərək, eyni yanaşmanı tətbiq etməlidir. Ölkə daxilində müasir standartlara uyğun rəqəmsal həllər yaratmalı və onları beynəlxalq bazarlara çıxarmalıdır.

Şübhəsiz ki, Azərbaycanda da GenAİ-nın tətbiqi müxtəlif sahələrdə özünü dolğun göstərəcəkdir. Bundan əlavə, Yüksək Texnologiyalar Parkında tətbiq olunan vergi güzəştləri texnoloji şirkətlərin inkişafını stimullaşdırır, onların daha dayanıqlı fəaliyyətinə imkan yaradır. Lakin bütün bu imkanları tam reallaşdırmaq üçün həm dövlət, həm də özəl sektor aktiv şəkildə birgə işləməlidir. İqtisadi inkişaf yalnız özəl sektorun iştirakı ilə mümkündür, dövlət isə dəstək mexanizmləri vasitəsilə bu prosesə sürət verə bilər.

Bu sinerji nəticəsində Azərbaycan yaxın illərdə ciddi miqyaslanma potensialı olan rəqəmsal iqtisadiyyatı formalaşdıra bilər. Ənənəvi iqtisadi modeldə Azərbaycanın ixrac imkanları fiziki sərhədlərlə məhdudlaşır. Lakin rəqəmsal iqtisadiyyatda belə məhdudiyyət yoxdur – məhsullarımız qlobal miqyasda satıla bilər və ölkənin iqtisadi sərhədləri, demək olar ki, bütün dünyaya qədər genişlənə bilər. Bu potensial realdır və artıq ölkəmizdə bu istiqamətdə çalışan şirkətlər, komandalar və kadrlar mövcuddur.

Natiq MƏMİŞOV,
Aİ mütəxəssisi, “Alas academy” süni intellekt mərkəzinin direktoru

Ümumi olaraq baxsaq, hesab edirəm ki, yeni Strategiyada rəqəmsal iqtisadiyyat və xüsusilə GenAİ üzrə konkret rəqəmlərlə hədəflərin qoyulması çox önəmli dönüş nöqtəsidir. 2029-cu ilə qədər generativ süni intellekt əsasında 70 milyon manatlıq əlavə iqtisadi təsirin planlaşdırılması o deməkdir ki, artıq AI ölkədə sadəcə “trend texnologiya” kimi yox, real gəlir və məhsuldarlıq mənbəyi kimi görülür. Bu, biznes proseslərinin avtomatlaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni rəqəmsal məhsulların yaranması hesabına həm özəl sektora, həm də büdcəyə əlavə dəyər gətirə bilər.

Digər tərəfdən, bu qeyri-neft sektorunun şaxələnməsi, regionlarda məşğulluq və ixrac potensialı baxımından ciddi dividend verə bilər. Bu, həm yerli startap və kiçik bizneslər üçün yeni satış kanalları deməkdir, həm də Azərbaycanı regionda rəqəmsal xidmətlərin istehsalçısı kimi möhkəmləndirir.

Əlbəttə, bu hədəflərin reallaşması üçün təkcə strategiya kifayət etmir. Rəqəmsal infrastrukturun genişləndirilməsi, data idarəetməsi, kadr hazırlığı, kibertəhlükəsizlik və AI etikası kimi sahələrdə paralel institusional islahatlar və bizneslə real əməkdaşlıq mexanizmləri qurulmalıdır. Amma müsbət tərəfi odur ki, artıq dövlət səviyyəsində süni intellektdən iqtisadi mənfəət əldə olunması ayrıca ölçülən, planlanan göstəriciyə çevrilir. Bu da həm investorlar, həm də texnoloji icma üçün çox aydın siqnaldır: Azərbaycanda rəqəmsal ekosistemin inkişafı epizodik layihə yox, strateji prioritet kimi götürülüb.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat