Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.
Sənəd dünən SOCAR prezidenti Rövşən Nəcəfin "MVM Group"un baş icraçı direktoru Karoly Matrai ilə görüşündə imzalanıb.
Gələn ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir. Təbii qaz təchizatına dair yeni razılaşma şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illərdə hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir.
Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari layihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerji həlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
XQ

