“Bahar” və “Qum-dəniz” yataqları ABŞ şirkəti ilə yenidən işlənəcək

post-img

Burada 50 milyon ton neft,  300 milyard kubmetr qaz ehtiyatı var

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-ın SLB şirkəti arasında Xəzər dənizindəki “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb. Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.

Bildirilib ki, bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsini, hərtərəfli çən parkının modelləşdirməsinin işlənib hazırlanmasını, eləcə də sözügedən yataqlarda erkən hasilat sxemini dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

Məlumata əsasən, layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın işlənmə və hasilat əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov iki qurum arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Layihənin qabaqcıl üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatı optimallaşdırmaq istiqamətində atılan mühüm addım olduğunu söyləyən vitse-prezident “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən qurulmasının növbəti mərhələlərinin texniki əsasının qoyulacağına inamını ifadə edib. 

Qeyd edək ki, SOCAR-ın “Qum dəniz” və “Bahar” yataqları üzrə tərəfdaşı SLB neft və qaz hasilatı sahəsində dünyanın ən böyük xidmət şirkətlərindən biridir. Əvvəlki adı “Schlumberger” olan ABŞ neft nəhənginin əsas əməliyyat mərkəzləri Hyuston, Paris, London və Haaqada yerləşir. Qurum neft və qaz sektoruna texnologiyalar, layihə menecmenti və digər xidmətlər sahəsində ixtisaslaşıb. 

Layların inteqrasiya olunmuş qiymətləndirilməsi, quyuların tikintisi, hasilatın idarə edilməsi və karbohidrogen emalı üzrə aparıcı qlobal texnoloji təchizatçı olan şirkət Azərbaycanla yanaşı, dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir. SLB enerji dekarbonizasiyasının gələcəyinə baxışını vurğulayaraq dünyanın ən böyük neft-mədən xidmətləri şirkətindən qlobal texnoloji şirkətinə çevrilməsini hədəfləyir.

Müqavilə sahəsinin əhatə etdiyi “Qum dəniz” və “Bahar” yataqlarına gəldikdə isə hər iki yataq ötən əsrin ortalarında Azərbaycan neftçilərinin gərgin əməyi sayəsində istismara daxil edilib. Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 kilometr məsafədə yerləşən “Qum dəniz” neft yatağında dərinliyi 1-2 metrdən 15-14 metr intervalında dəyişir. 1961-ci ildə kəşf olunmuş və ölkənin enerji sektorunda mühüm strateji obyektlərdən sayılan bu yataq 120 kvadratkilometr sahəni əhatə edir. Burada, təxminən, 50 milyon ton neft və 300 milyard kubmetr qaz ehtiyatı var. 

İşlənmənin əvvəlindən indiyədək “Qum dəniz” yatağında 500-ə yaxın quyu qazılıb. Ötən müddətdə buradan 29 milyon tondan artıq neft və 128 milyard kub­metrə yaxın qaz çıxarılıb. Bu göstəricilər yatağın iqtisadi dəyərini və Azərbaycanın enerji ixracında əhəmiyyətini vurğulayır. 2025-ci ildə isə “Qum adası” yatağından, təxminən, 27 min ton xam neft hasil ediləcəyi gözlənilir ki, bu da ötən ilin göstəricisi ilə eynidir. Bununla belə, qaz hasilatında artım müşahidə olunur. Proqnoza görə, bu il yataqdan, təxminən, 190,53 milyon kubmetr qaz hasil olunması gözlənilir ki, bu da 2024-cü ilə nisbətən 6,1 faiz artım deməkdir. 

“Bahar” yatağı isə Bakı şəhərindən 40 kilometr cənub-şərqə doğru dənizdə yerləşir. Qaz-kondensat ehtiyatlarının zənginliyi ilə seçilən bu yataq 1968-ci il mart ayının 21-də kəşf olunub. 1969-cu ildən sənaye işlənməsinə verilmiş “Bahar” yatağında indiyədək 200-dən artıq quyu qazılıb. Ötən müddətdə buradan təqribən, 13 milyon ton kondensat, 10-15 milyard kubmetr qaz hasil olunub.

“Bahar” yatağının 2025-ci il üzrə proqnozları da ümidvericidir. Bu il yataqdan, təxminən, 27 min ton xam neft hasil ediləcəyi gözlənilir. Eyni zamanda, il ərzində buradan, təxminən, 190,53 milyon kubmetr qaz hasilatı proqnozlaşdırılır ki, bu da 2024-cü ilə nisbətən 6 faiz çoxdur. 

Yeri gəlmişkən, hazırda hər iki yataqda hasilat müasir texnologiyalar və ekoloji standartlara uyğun həyata keçirilir. Bu yanaşma həm hasilatın səmərəliliyini artırır, həm də Xəzər dənizinin təbii mühitinin qorunmasına şərait yaradır. Gələcəkdə isə hasilatın artırılması və yeni texnologiyaların tətbiqi ilə bu yataqların ölkə iqtisadiyyatına töhfəsi daha da artacaq.

Mirbağır YAQUBZADƏ 
XQ

 



İqtisadiyyat