Bu keçidə beynəlxalq maliyyə dəstəyi də artır
Dünyada iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar dərinləşdikcə, maliyyə dəstəyi məsələsi də ön plana çıxır. “Moody’s” beynəlxalq reytinq agentliyinin son hesabatı göstərir ki, beynəlxalq maliyyə institutları (BMİ) Azərbaycanda iqlimə uyğunlaşma tədbirləri üçün yaranan maliyyə çatışmazlığını aradan qaldırmaqda həlledici rol oynaya bilər.
Hesabatda diqqətə çatdırılır ki, son 10 ildə Mərkəzi Asiya və Qafqaz ölkələrində məhz çoxtərəfli və ikitərəfli inkişaf bankları iqlim layihələrinin kreditləşdirilməsini əhəmiyyətli dərəcədə artırıblar. Özəl investisiyaların rolu artsa da, dövlətlərin üzərinə düşən əsas yükün yüngülləşdirilməsində BMİ-lərin iştirakı həyati əhəmiyyət daşıyır. Bu yanaşma həm də Azərbaycan və Özbəkistan kimi ölkələrin kredit qabiliyyətinə dair risklərin azalmasına xidmət edir. “Moody’s”in hesabatında vurğulanır ki, region ölkələri artıq BMİ-lərin güzəştli kreditlərinə güvənirlər. Məsələn, çoxtərəfli inkişaf bankları tərəfindən təmin edilən maliyyələşmə Azərbaycanda dövlət xarici borcunun 36 faizini təşkil edir. Bu göstərici Özbəkistanda 26, Gürcüstanda 25, Ermənistanda və Tacikistanda isə 22 faizdir. Halbuki, orta gəlirli ölkələr üzrə bu rəqəm 2023-cü ildə cəmi 10 faiz olub.
Bu fakt bir daha sübut edir ki, beynəlxalq maliyyə institutları region ölkələri, o cümlədən Azərbaycan üçün iqlim mübarizəsində vacib dayaqlardan birinə çevrilib. Onların dəstəyi olmadan nə qlobal hədəflərə çatmaq, nə də “yaşıl” keçidin iqtisadi əsaslarını möhkəmləndirmək mümkündür.
Digər tərəfdən, Mərkəzi Asiya və Qafqaz ölkələri son illərdə enerji sektoruna özəl investisiyaların cəlb edilməsi üçün mühüm addımlar atıblar. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərə enerji bazarlarının liberallaşdırılması, dövlət subsidiyalarının azaldılması kimi məsələlər daxildir. Bu islahatlar nəticəsində Qırğızıstan, Tacikistan və Özbəkistan elektrik enerjisi tariflərini xərclərin ödənilməsi səviyyəsinə çatdırmaq üçün ardıcıl addımlar atır. Xüsusilə Özbəkistan 2027–2028-ci illərə qədər tam şəkildə bu modelə keçməyi hədəfləyir. Atılan bu addımlar regionda rəqabət mühitini gücləndirib, enerji bazarlarını daha cəlbedici edib və yeni investisiya axınını təmin edib. Nəticə etibarilə, Azərbaycan və Özbəkistan bərpaolunan enerji mənbələrinin inkişafında ön sıralara çıxaraq regional liderlər mövqeyini möhkəmləndirirlər.
Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə iddialı hədəflərini bir-bir reallaşdırır. Ölkə 2030-cu ilədək quraşdırılmış enerji gücünün 35,5 faizini BOEM-dən (bərpaolunan enerji mənbələrindən) əldə etməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə ümumi gücü 2 250 meqavat olan günəş və külək layihələrinin istifadəyə verilməsi planlaşdırılır. Məhz “Moody’s”in hesabatında bu faktor başlıca amildir. Belə ki, xarici investorların marağı bu planların həyata keçirilməsində mühüm rol oynayır.
Artıq Azərbaycanın enerji xəritəsində strateji əhəmiyyətli bir sıra iri layihələr var. Onların sırasında gücü 240 MVt, dəyəri isə 200 milyon ABŞ dolları olan “Şəfəq” günəş elektrik stansiyası, 230 MVt gücə malik və 262 milyon dollarlıq “Qaradağ” günəş elektrik stansiyası xüsusi yer tutur. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti 1 QVt gücə malik nəhəng “Mega” layihəni reallaşdırır. Eyni zamanda, “Xızı-Abşeron” külək elektrik stansiyasının (240 MVt, 34 milyon dollar) inşası da nəzərdə tutulub.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə SOCAR ilə strateji əməkdaşlığa imza atıb. Bu razılaşmaya əsasən, Azərbaycanda quruda 1 QVt, dənizdə isə 1,5 QVt gücündə külək stansiyaları tikiləcək, enerjinin saxlanması sistemləri yaradılacaq və “yaşıl hidrogen” layihələri həyata keçiriləcək. Məhz Azərbaycanın bu addımları COP29-dan sonra güclü töhfə olmaqla yanaşı, ölkəmizi regionda “yaşıl” enerji lideri mövqeyinə daşıyır.
Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert
Bir çox beynəlxalq reytinq agentliklərinin hesabatları "Moody's" in əks etdirdiklərini təsdiqləyir. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri üçün çox aşağı faizlə kreditlər və qrantlar təqdim edir. Bu, şübhəsiz, görülən işlərin daha genişmiqyaslı və mükəmməl həyata keçirilməsinə, həmçinin investisiya qoyuluşunun artmasına imkan yaradır. Həmin qurumların prosesə cəlb olunması isə risklərin azalmasına xidmət edir. Çünki beynəlxalq təsir imkanlarına malik olan investorlar risklərin minimuma endirilməsini təmin etməklə layihələrin daha real şəkildə gerçəkləşməsinə dəstək göstərirlər.
Bir məqamı da qeyd edək ki, 2030-cu ilə qədər karbonsuzlaşdırma hədəfinə nail olmaq üçün Mərkəzi Asiya və Qafqaz ölkələrinə təxminən 120 milyard dollar investisiya lazım gələcək ki, bu da ÜDM-in təqribən 14 faizini təşkil edir. Məhz bu qəbildən xarici investisiyaların cəlb olunması iki mühüm aspekti özündə cəmləyir: yeni iş yerlərinin açılmasına, həmçinin ölkələrin maliyyə reytinqlərinin yüksəlməsinə müsbət təsir və “təmiz” regional sfera. İnvestisiya həm də gələcəkdə daha ucuz kredit resurslarının tətbiqinə imkan yaradacaq.
Eyni zamanda, ixrac potensialının şaxələndirilməsi istiqamətində də ciddi fayda verəcək. Əlbəttə, bütün bunlarla yanaşı, müəyyən risklər və çətinliklər də mövcuddur. Digər tərəfdən, iqlim riskləri və regional çağırışlar da diqqət mərkəzində olmalıdır. Hazırkı şəraitdə su ehtiyatlarının azalması, quraqlıq və su çatışmazlığı təhlükəsi məsələnin aktuallığını artırır və həyata keçirilən tədbirlərin səmərəliliyinə təsir göstərə bilər.
Məsələnin regional və qlobal aspekti –"Moody's" beynəlxalq reytinq agentliyinin qeyd etdiyi hökumətlərarası planlar Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik enerjisinin transsərhəd ticarətinə şərait yaratmaq üçün Xəzər “yaşıl” enerji dəhlizinin yaradılmasını nəzərdə tutur. Azərbaycan və Özbəkistan bərpaolunan enerji mənbələrinin (BOEM) inkişafında regional liderlər kimi seçilir. Hər iki ölkə həm də bərpaolunan enerji və “yaşıl” iqtisadiyyat sahəsində strateji tərəfdaşlıqlarını gücləndirə, bu əməkdaşlıq sayəsində regionda yeni inkişaf imkanları yarada bilərlər.
Nurlan ABDALOV
XQ