Türk Dünyası Sığorta Birliyinin I Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə bu il sentyabrın 14-də Şuşada keçiriləcək.
Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının, eləcə də Türk Dövlətləri Təşkilatının rəhbərliyinin iştirakı nəzərdə tutulub. Toplantı rəsmi açılış hissəsi, türk dövlətlərinin maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının 2 ayrı müzakirə panelindən ibarət olacaq. Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair “Proklamasiya sənədi” imzalanacaq.
Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə təsis edilib. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları birliyə müşahidəçi təşkilat olaraq qoşulublar. Türk Dünyası Sığorta Birliyinin birinci assambleyası qurumun “Yol xəritəsi”nə əsasən, əlifba sırası ilə Azərbaycanda təşkil olunur.
Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ümumi maraqlar əsasında birləşən, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edən birlik 2006-cı il dekabrın 29-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Qurumun əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrar sığorta şirkətlərinin inkişaf etməsinə kömək göstərmək, onların sosial-iqtisadi proqramlarını dəstəkləmək, bu sahədə elmi biliklərini artırmaqdan ibarətdir. Hazırda ölkəmizin sığorta bazarında fəaliyyət göstərən 18 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin üzvüdür.
Elmar MİRSALAYEV,
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru, Türk Dünyası Sığorta Birliyinin həmtəsisçisi
Türk Dünyası Sığorta Birliyi Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü və əldə olunmuş ortaq razılığa əsasən 2022-ci il mayın 24-də tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş Beynəlxalq Sığorta Zirvəsində təsis olunub. Birliyin təsisçiləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarıdır. Sevinc hissi ilə bildirmək istəyirəm ki, Türk Dünyası Sığorta Birliyi türk dövlətlərinin iştirakı ilə yaradılmış ilk beynəlxalq maliyyə təşkilatıdır.
Qürurverici haldır ki, birliyimiz qısa zamanda bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Türk Dövlətləri Təşkilatının diqqətini çəkib, fəaliyyətimiz rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, biz də Türk Dünyası Sığorta Birliyini Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırmağa qərar verdik. Artıq Türk Dünyası Sığorta Birliyində 5 təsisçi üzvdən savayı, 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi qismində təmsil olunurlar.
Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi 8 ölkədən olan üzv və müşahidəçi təşkilatlar arasında sığorta və təkrarsığorta sahəsində qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsinin təmin olunması, sığortaya dair təlim-tədris sahəsində əməkdaşlıqların qurulması və 8 ölkənin sığortaçılarının iştirakı ilə ortaq “sığorta hovuzu”nun formalaşdırılmasından ibarətdir.
Birliyin “Yol xəritəsi”nə əsasən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Azərbaycanın Şuşa şəhərində keçiriləcək. Bu, son dərəcə qürurverici olmaqla yanaşı, sığorta sektoru üçün əlamətdar tarixi hadisədir. Türk dünyası sığortaçılarının Şuşada bir araya gəlməsi türk dövlətlərinin sığortalı inkişafına verilmiş ən gözəl töhfədir. İnanırıq ki, bu assambleya türk dünyası sığortaçıları üçün səmərəli əməkdaşlıq platforması olacaq.
Mirbağır YAQUBZADƏ
XQ