Startap ekosistemində reallıqlar və imkanlar
Azərbaycanın yeni inkişaf mərhələsində startap ekosistemi xüsusi əhəmiyyət kəsb edir. Çünki startap ölkənin gələcəyini formalaşdıracaq innovasiya laboratoriyasıdır. Hazırda dövlətin bu sahəyə diqqəti artır, dəstək mexanizmləri gücləndirilir.
Burada əsas yük maliyyə dəstəyi, investisiya imkanları və vençur fondlarının yaradılması üzərinə düşür. Dünya təcrübəsi göstərir ki, hər bir uğurlu startapın arxasında güclü bir ekosistem dayanır. Azərbaycanda da gənclərin ideyalarının biznesə çevrilməsi, texnoloji inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması məhz belə bir dəstəklə müşayiət olunur. Dövlətin diqqəti ilə yanaşı, özəl sektorun da təşəbbüskarlığı, risklərə hazır investorların olması vacibdir.
Bu sahədə də yeni yanaşmaların doğru ünvana yönləndirilməsi vacib həlqələrdən hesab olunur. İdeya və fikirlərə paralel olaraq potensiallı startapın hədəfə nail olması amili də diqqət saxlanılmalıdır. Azərbaycanda startap ekosisteminin inkişafı naminə hüquqi tənzimləmələr mövcuddur. Məsələn, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması Meyarları” “Startap” şəhadətnaməsinin verilməsini tənzimləyir. “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edilirlər. Sözügedən vergi güzəştləri startapların maliyyə yükünü azaltmaqla, onların resurslarını layihənin inkişafına yönəltməyə imkan verir.
Startaplar dövrün nəbzini tutmağı bacarır, dəyişən reallıqlara uyğunlaşır, texnologiyanın diktə etdiyi çağırışlara çevik cavab verirlər. Lakin, uğurun əsas şərti təkcə bazara çıxmaq deyil, həm də innovasiyaların daha da intensivləşməsidir. Bu isə yeni biliklərə, yaradıcı düşüncəyə malik gənc kadrların prosesə qoşulmasını tələb edir. Digər tərəfdən, ideyanın icrası, praktik müstəviyə keçməsi üçün dəstəkləyici mühit formalaşdırılmalıdır. Startapların uğur yolunu genişləndirən də məhz bu yanaşmadır – istedadlı gənclərin cəlbi, onların ideyalarının dəstəklənməsi və davamlı ekosistemin qurulması. Bəs onların qarşısında hansı avantajlar və ya çətinliklər var ?
Məsələ ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) XQ-ya bildirdi ki, indiyədək KOBİA tərəfindən 220 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Orta hesabla daxil olmuş müraciətlərin hər 3-dən 1-i Ekspertlər Şurası tərəfindən müsbət qiymətləndirilib: “Təcrübə göstərir startaplarımız yerli və beynəlxalq trendləri yaxından izləyir və onlara uyğun layihələr təqdim edirlər. Məsələn, 2024-cü ildə ölkəmizdə keçirilmiş COP29 tədbiri çərçivəsində “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət etmiş startapların təqdim etdiyi layihələr arasında ekoloji sahədə yeni enerji qoruyucu texnologiyalara və yaşıl iqtisadiyyata keçidə yönəlmiş layihələrin sayı 4 dəfə çox olub.
Digər tərəfdən, startapın uğur qazanmasında bir sıra ciddi çətinliklər də mövcuddur. Belə ki, aqrotexnoloji həllər kənd təsərrüfatında məhsuldarlığı artırır, amma fermerlər arasında rəqəmsal savadlılığın zəifliyi çətinlik törədir. Fintek startapları innovativ ödəniş və kredit həlləri ilə bazarda yer tutur, ancaq onların böyüməsi bir qədər ləng gedir. Ümumi çətinlik kimi isə maliyyəyə çıxış, xüsusilə də ilkin mərhələdə sərmayə imkanlarının məhdudluğunu qeyd etmək olar.
Bazarın tələblərinin öyrənilməsi, düzgün strategiyaların qurulması və komanda işinin səmərəli təşkili də önəmlidir. Əgər bilik bazası möhkəmləndirilərsə, startapların uğur potensialı daha da artacaq və onların ölkə iqtisadiyyatındakı rolu daha da güclənəcək.
Fərid KAZIMOV,
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun icraçı direktoru
Azərbaycanda startap ekosisteminin əsas problemlərindən biri bazarı tam anlamamaqdan qaynaqlanır. Ona görə də sahibkarların və startapların bu istiqamətdə biliklərini artırması vacibdir. Əgər onlar bazarı tam anlaya bilsələr, müştərilərin gözləntilərini düzgün dəyərləndirsələr və məhsulların inkişaf strategiyasını qura bilsələr, uğur ehtimalları əhəmiyyətli dərəcədə artacaqdır. Uğursuzluq ehtimalını azaltmaq üçün bir neçə vacib məsələ önə çıxır. Əldə olunan biliklər bazara və məhsula yönümlü olmalı, sahibkar bazarı tam öyrənməlidir ki, hansı məhsulun tələb olunduğunu düzgün müəyyənləşdirsin.
İkinci mühüm məsələ startap komandalarının formalaşmasıdır. Təəssüf ki, çox hallarda komandalar ya yalnız proqramçılardan, ya da marketinq mütəxəssislərindən ibarət olur. Belə disbalans isə uğursuzluq riskini artırır. Çünki komandanın kompetensiyaları müxtəlif istiqamətləri əhatə etmədikdə, bazarda rəqabətə davam gətirmək çətinləşir. Üçüncü məsələ maliyyə dəstəyidir.
Qlobal təcrübə göstərir ki, güclü maliyyə dəstəyi startapların inkişafında həlledici rol oynayır. Məsələn, İsrail bir neçə il əvvəl özünü “Startup Nation” – yəni “Startap Milləti” adlandırırdı. Ölkədə yüzlərlə, hətta minlərlə startap yaranırdı. Daha sonra onlar bu mərhələni geridə qoyaraq "Scale-up Nation" – yəni “Böyüyən Millət” mərhələsinə keçdilər. Bu o demək idi ki, artıq uğurlu və dayanıqlı startapların məhsulları qlobal bazara ixrac olunmağa başladı. İsrailin yüksək texnologiyalı məhsullarının illik ixracı 50 milyard ABŞ dollarına çatdı.
Azərbaycan da bu təcrübədən faydalanaraq öz startap ekosistemini inkişaf etdirməli, bilik bazasını gücləndirməli və dünya bazarına çıxış imkanlarını artırmalıdır.
Elman SADIQOV,
iqtisadçı-ekspert
Bütün dünyada startapların, təxminən, 95 faizi uğursuzluğa düçar olur, yalnız 5 faizi müvəffəqiyyət qazanır. Lakin məhz həmin 5 faiz milyardlarla gəlir gətirə bilir. Qalan 95 faizə xərclənən vəsait də çox vaxt bu uğurlu 5 faizdən əldə edilən qazanc hesabına bağlanır. Digər tərəfdən, müəyyən startaplar var ki, artıq bazarda mövcudluğunu sübut edib, çiçəklənib, lakin onların daha geniş bazarlara çıxarılması, güclü və iri investorların tapılması, fəaliyyətlərinin genişləndirilməsi zəruridir. Bu, ən azı, regional bazarlara, məsələn, Orta Asiyaya, Türkiyəyə və digər ölkələrə çıxışla həyata keçirilə bilər. Amma burada da peşəkar maliyyələşdirmə və kadr çatışmazlığı özünü göstərir. Əslində, düzgün yanaşma bank sektoru üçün də uğurlu nəticələr verə bilərdi.
Kadr çatışmazlığı IT sahəsində daha qabarıq hiss olunur. Bu, ayrıca müzakirə olunmalı bir məsələdir. Azərbaycanda isə təəssüf ki, bu sahə bəzən klassik düşüncəli şəxslər – istər dövlət strukturlarında, istərsə də digər sahələrdə olan şəxslər tərəfindən tam şəkildə dərk olunmur. Nəticədə, startap sahəsində çalışan insanlara klassik və standart yanaşmalar tətbiq edilir. Misal üçün, lazımsız imtahanların keçirilməsi, müxtəlif bürokratik maneələrin yaradılması, tədris mərhələsində çətinliklər onların inkişafına əngəl törədir. Bu səbəbdən də gənclərin bir qismi xarici ölkələrə üz tutur və ya tədrisdən kənarda qalır. Məhz belə problemlərin həlli uğur nisbətini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Nurlan ABDALOV
XQ