Azərbaycana Çin yatırımı 900 milyon dollara çatıb

post-img

Çinin ölkəmizdəki səfiri Lu Mey Azərbaycan–Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransındakı çıxışında indiyədək ölkəsinin respublikamıza 900 milyon dollar investisiya yatırdığını bildirib. O, Azərbaycanın Çinə qoyduğu investisiyanın məbləğinin isə 300 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb. Səfir vurğulayıb ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 43,3 faiz artıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sözügedən konfransında çıxışı zamanı Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olduğunu, cari ilin yanvar-aprel aylarında iki ölkə arasında ticarət dövriyyəsinin 37 faiz artaraq 1,4 milyard dollara çatdığını bildirib.

E.Əliyev qeyd edib ki, Azərbaycanın ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”də də fəallığı ilə diqqət çəkilr.

İqtisadiyyat nazirinin birinci müavininin sözlərinə görə, Çin şirkətləri ölkəmizdə geniş miqyasda təmsil olunurlar. Cari ilin may ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 320-yə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir.

Hazırda iki ölkə arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır. E.Əliyev qeyd edib ki, göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, “yaşıl” enerji, nəqliyyat, kənd təsərrüfatı, İKT və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, respublikamızın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır.

Ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin “yaşıl” texnologiyalar sahəsindəki təcrübəsi sinerji yaradaraq birgə layihələrin reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb. Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan aparıcı Çin şirkətləri ilə genişmiqyaslı günəş və külək enerjisi layihələri, enerji saxlama sistemləri və “ağıllı” şəbəkə infrastrukturunun inkişafını əhatə edən mühüm sazişlər imzalayıb. Həmçinin Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkət və qurumları arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat