Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun üçüncü iclası keçirilib

post-img

Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunun üçüncü iclası olub. 

Energetika naziri Pərviz Şahbazov və Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə keçirilən iclasda Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG ENER), Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), həmçinin “CESI” şirkəti təmsil olunub. 

Görüşdə enerji tərəfdaşlığının Cənub Qaz Dəhlizi və enerji keçidi prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanın qaz hasilatı və ixrac perspektivləri, Aİ-nin qaz təchizatı ilə bağlı mövcud vəziyyəti və AYİB-in enerji sektoru ilə bağlı strategiyası çərçivəsində qaz nəqli infrastrukturunun maliyyələşdirilməsi imkanları nəzərdən keçirilib.

Ötən il Azərbaycandan Avropaya qaz tədarükünün 9,5% artaraq 13 milyard kubmetrə çatdığı, bu il isə ixracın 50%-nin Avropa üçün nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, 2030-cu ilə qədər mövcud müqavilələrə əsasən, təxminən 8 milyard kubmetr əlavə qaz hasilatı, həmçinin təxminən 2,7 QVt gücündə günəş və külək elektrik stansiyalarının hesabına 1,5 milyard kubmetr qazın sərbəstləşməsi gözlənilir. Bu həcmlərin nəqli və əlavə təchizatın vaxtında və əhəmiyyətli dərəcədə artırılması boru kəmərlərinin genişləndirilməsi, yataqların işlənməsi üzrə layihələrə sərmayələri, uzunmüddətli kommersiya müqavilələrini və maliyyə alətlərinin səfərbər edilməsini tələb edir. 

Həmçinin Azərbaycanda bərpa olunan enerji güclərinin inkişafı, “Xəzər-Qara dəniz -Avropa Yaşıl Enerji Dəhlizi” və digər “yaşıl enerji” interkonnektorları layihələrinin icrasından bəhs edilib. “Yaşıl enerji”nin ixracına dair layihələr “Enerji üzrə Trans-Avropa Şəbəkəsi Tənzimləməsi” və “Qlobal Gateway Strategiyası”, həmçinin AİB və AYİB-in mövcud maliyyələşdirmə alətləri çərçivəsində qiymətləndirilib. Bildirilib ki, “yaşıl enerji” istehsalı və onun Avropaya müxtəlif marşrutlar və interkonnektorlarla tədarükü Prezident cənab İlham Əliyevin müəyyən etdiyi müasir enerji siyasətimizin əsas strateji prioritetlərindəndir. Bu layihələr Avropa üçün enerji mənbələrinin diversifikasiyası ilə yanaşı, Mərkəzi Asiya və Orta Dəhlizlə bağlı geostrateji maraqlar baxımından da əhəmiyyətlidir.

Energetika naziri Pərviz Şahbazov deyib: “Mövcud çağırışlar fonunda etibarlı tərəfdaş olaraq Azərbaycandan qaz tədarükünün artırılmasına praqmatik yanaşma nümayiş etdirməyin və müvafiq regionlararası enerji infrastrukturlarının inkişafına maliyyə və siyasi dəstək göstərmək üçün konkret və qəti addımlar atmağın vaxtıdır. Eyni zamanda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Ortaq Maraqlar Layihəsi (PMI) statusu ilə təmin olunması və onillik şəbəkə inkişaf planına (TYNDP) daxil edilməsi bu strateji təşəbbüsün uğurlu inkişafı baxımından kritik əhəmiyyət daşıyır. Avropa İttifaqının müvafiq strukturlarını bu istiqamətdə zəruri dəstəyi gücləndirməyə və bu təşəbbüsü prioritet layihə kimi irəlilətməyə çağırırıq.”

Komissar Dan Yorgensen isə bildirib ki, bu dialoq enerji sahəsində sıx əməkdaşlığımızın göstəricisidir və belə bir dialoq çox az ölkələrlə aparılır. Azərbaycanın bu xüsusda səylərini yüksək qiymətləndiririk. Enerji təhlükəsizliyinə nail olmaq risklərin qarşısını almağı tələb edir: “Enerji infrastrukturu bizim enerji keçidimizi irəlilətmək üçün əsasdır. Biz Cənubi Qafqaz regionu ilə Avropa regionu arasında enerji inteqrasiyasının artırılması imkanlarını araşdırmağa hazırıq. Bu, zəmanətlərin və qarışıq maliyyə alətlərinin səfərbərliyi ilə də həyata keçirilə bilər.”

Müzakirələr zamanı enerji səmərəliliyi və metan emissiyalarının azaldılması çərçivəsində görülən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ci ildən həyata keçirilir.







İqtisadiyyat