Laçın Bakıya da su göndərəcək

post-img

Tutumu 26 milyon kubmetr olan Zabuxçay su anbarı vasitəsilə Laçının bir çox kəndlərinin su təchizatının, eləcə də Qubadlı və Zəngilan rayonlarında əkin dövriyyəsinə buraxılan 12,1 min hektar torpağın suvarılması nəzərdə tutulur. Bunu Dövlət Su Agentliyi sədrinin müşaviri Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə Cəbrayıl rayonuna da buradan suvarma üçün su verilməsi mümkündür. E. Məmmədov deyib ki, dövlət başçısının tapşırığı ilə 91 milyon kubmetr su tutumu olacaq daha bir anbarın texniki-iqtisadi əsaslandırılması hazırlanır. Layihə mərhələsində olan həmin anbar da bu çay üzərində inşa olunacaq. Bu anbar Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam üçün həm içməli, həm də suvarma su mənbəyi kimi nəzərdə tutulur. “Eyni zamanda, gələcəkdə bu anbardan Bakı şəhərinə su nəql edilməsi də layihənin bir hissəsidir”, – deyə E.Məmmədov əlavə edib.

 

İqtisadiyyat