Sığortalı təsərrüfatların ziyanı ödənəcək

post-img

Ötən həftə ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bir sıra rayonlarda güclü yağış, sel, subasma, güclü külək, qasırğa, fırtına, temperaturun kəskin aşağı düşməsi, qar və dolu yağması halları qeydə alınıb. Təbiət hadisələri bəzi rayonlarda meyvə bağlarına və əkin sahələrinə ciddi ziyan vurub.

Artıq fermerlər tərəfindən dəymiş ziyanın hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fondunun 1651 nömrəli Çağrı Mərkəzinə müraciətlər daxil olmaqdadır. Fondun məlumatına görə, aprelin 14-dən 20-dək, ümumilikdə, 15 rayon üzrə 76 müraciət qeydə alınıb. Müraciət edən fermerlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonların sakinləridir. Daxil olan müraciətlərin 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır.

Aqrar Sığorta Fondundan bildirilib ki, qeyd edilən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığortalatmış fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər təbiətin şıltaqlığından ziyan görmüş ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini qeydə alır, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək.

Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığortalatmış fermerləri öz sahələrinə diqqətlə baxış keçirməyə və baş verən hadisələrlə bağlı operativ şəkildə fonda müraciət etməyə çağırır. Eyni zamanda, fond indiyədək dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə etməmiş fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.

 

İqtisadiyyat