Bu ilin birinci rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1036 müraciət üzrə 19,6 milyon manat güzəştli kredit verib. Həmin vəsaitin 19,5 milyon manatı texnika və avadanlıq təyinatlı, 0,1 milyon manatı isə digər təyinatlı kreditlər olub.
Bununla yanaşı, hesabat dövründə agentlik 2 min 480 texnika və avadanlığın güzəştli satışına 25,5 milyon manat, 456 baş damazlıq iribuynuzlu heyvanın güzəştli satışına isə 1,8 milyon manat vəsait ayırıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ölkə Prezidentinin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2004-cü il 23 oktyabr tarixli Sərəncamına müvafiq olaraq yaradılıb. Agentlik aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsi və təyinatı üzrə istifadəsini təmin edir.
Bütövlükdə isə, agentliyin fəaliyyətinə güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin və subsidiyaların ayrılması, texnikaya və damazlıq heyvanlara görə güzəştlərin verilməsi, layihələrin idarə edilməsi, kənd təsərrüfatına investisiya cəlbi, aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, kənd təsərrüfatında innovativ metodların və qabaqcıl təcrübənin təşviqi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, aqrar sektorda dövlət – özəl tərəfdaşlığı çərçivəsində proqramların hazırlanması və həyata keçirilməsi kimi vacib məsələlər daxildir.