Sofiyada Azərbaycan – Türkiyə – Gürcüstan – Bolqarıstan enerji dəhlizi üzrə texniki işlərə start verilir
Bolqarıstanın Energetika Nazirliyinin məlumatına əsasən, bu həftə Sofiyada “Azərbaycan – Türkiyə – Gürcüstan – Bolqarıstan yaşıl enerji dəhlizi”nin reallaşdırılması üzrə texniki işlərə start veriləcək. Başqa sözlə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarında Bolqarıstanda 4 ölkənin Bakıda memorandum imzaladığı “Yaşıl enerji dəhlizi”nin yaradılması üzrə texniki işlərə başlanacaq. Müvafiq nazirliklərin nazir müavinləri və enerji operatorlarından ibarət qrup yeni enerji dəhlizi üzərində işə başlamaq üçün Sofiyada bir araya gələcək.
Məlumata əsasən, texniki-iqtisadi əsaslandırmaların hazırlanması prosesinin başlanmasının texniki detalları iyun ayına qədər dəqiqləşdirilməlidir. İlk investisiyaların mövcud güclərdən maksimum dərəcədə səmərəli istifadəyə yönəldiləcəyi bildirilir.
Qeyd edək ki, aprelin 4-də “Azərbaycan Energetika, Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf, Türkiyənin Energetika və təbii sərvətlər və Bolqarıstanın Energetika nazirlikləri arasında “yaşıl” elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. İmzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı keçirilib.
Sənədə əsasən, 4 ölkənin energetika nazirlikləri enerji sistemlərinin modernləşdirilməsi imkanlarının öyrənilməsi və elektrik enerjisinin ötürülməsi, eləcə də ticarəti imkanlarının genişləndirilməsini ehtiva edən birgə investisiya layihələrinin həyata keçirilməsi üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinə mücbət təsir göstərəcək. Memorandum enerji infrastrukturunun təkmilləşdirilməsində və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılmasında da önəmli rol oynayacaq.
Yeri gəlmişkən, aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarında “Azərbaycan – Gürcüstan –Türkiyə – Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 2-ci iclasında Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb. Energetika Nazirliyinin məlumatına görə, iclasda enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası “yaşıl” enerji infrastrukturunun qurulmasının vacibliyi və ölkəmizin zəngin bərpaolunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlığı təşviq edən layihələrin rolu vurğulanıb. Yeni yaşıl interkonnektorun əhəmiyyəti və layihənin həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov sözügedən iclasda Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumunun əhəmiyyətini yüksək dəyərləndirərək deyib: “Bu gün bu sənədi imzalamaqla mənbəyi Azərbaycan olan daha bir “yaşıl” enerji dəhlizinin yaradılmasına başladığımızı elan etmiş oluruq.
Azərbaycanın zəngin “yaşıl” enerji potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır. “Yaşıl” interkonnektorlar vasitəsilə bərpaolunan enerji resurslarının ötürülməsi və ticarəti sahəsində irəliləyişlər əldə edərək, 4 ölkə arasında enerji inteqrasiyasını gücləndirəcək və regional enerji təhlükəsizliyinə yeni töhfə verəcəyik”.
Sənəd 4 ölkə arasında “yaşıl” elektrik enerjisinin ötürülməsi və ticarəti potensialının artırılması məqsədilə birgə investisiya layihələrinin hazırlanması, elektrik enerjisi infrastrukturunun inkişafı, o cümlədən “ENTSO-E” sisteminə inteqrasiya prosesi üzrə əməkdaşlığı ehtiva edir.