“Azərbaycan Dəmir Yolları” QSC sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə bu il aprelin 1-dən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni cədvəlini müəyyənləşdirib.
Cədvəldə Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılıb və xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb. Həmçinin sürət qatarlarının iş günləri, eləcə də şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri, ümumilikdə, 61 reys əlavə olunub.
İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki cədvəllə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.
Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, indiyədək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni cədvəllə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni “FLİRT” qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq.
Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi cədvəl tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq.
Bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37–38 min nəfərdən 48–50 min nəfərə qədər artırmağa imkan verəcək.