Son illər ölkədə icra edilən ən nəhəng layihələrdən biri olan, 2023-cü ilin fevral ayında təməli qoyulan 1280 meqavatlıq yeni elektrik stansiyasında işlər yekunlaşmaq üzrədir. “AzərEnerji”dən verilən məlumata əsasən, bu enerji infrastrukturu qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, respublikadakı digər istilik elektrik stansiyaları (İES) arasında hər kilovat-saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq.
Mingəçevir şəhərindəki “Azərbaycan” İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin cədvələ uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da, artıq proses nəzərdə tutulan vaxtdan əvvəl başa çatır. Hazırda yeni elektrik stansiyasının 4 turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işə buraxılması həyata keçiriləcək.
Məlumatda qeyd edilib ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın “Ansaldo Energia”, util qazanlar isə Çinin “Dongfang” şirkətinin istehsalı olduğundan son 2 ildə dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, “AzərEnerji” mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, qazan-turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə aparılan turbin, generator və avtomatika sahələri üzrə kadr hazırlığı proqramı davam etdirilir.
Belə bir təlim proqramı isə İtaliyanın “Ansaldo Energia” şirkətinin nümayəndələri tərəfindən stansiyanın işçiləri üçün keçirilir və layihə kurs şəklində davam etdirilir. Bu kurslara “AzərEnerji” ASC-nin 130 əməkdaşı cəlb olunub.
Onu da bildirilib ki, bundan əvvəl yanvar ayında Çinin “Dongfang” şirkəti tərəfindən də belə bir təlim kursu keçirilib və təlimçilər müəyyənləşdirilən proqramlar üzrə mütəxəssislərin verdiyi bilik və bacarıqlara yiyələniblər.