Vergi islahatları fəaliyyət mühitini şəffaflaşdırır

post-img

Ölkəmizdə iqtisadiyyatın şəffaflaşması, sahibkarlığın güclənməsi və dayanıqlı gəlirlər sisteminin formalaşması ilə iqtisadiyyatın davamlı böyüməsi amilinə son illərdə daha çox önəm verilib. Aparılan vergi siyasəti də iqtisadi tənzimləmənin başlıca vasitələrindən biri olaraq iqtisadiyyatda müsbət dəyişikliklərə, “kölgə iqtisadiyyatı”nın “ağardılmasına” yönəldilib. Nəticədə mikro sahibkarlığın kiçik biznesə, kiçik sahibkarlığın isə orta biznesə çevrilməsi ilə iqtisadiyyatda keyfiyyət dəyişikliyi daha da sürətlənib.

İqtisadiyyat Nazirliyinin bununla bağlı məlumatında bildirilir ki, dövriyyələrin şəffaflaşdırılması istiqamətində müvafiq tədbirlər görülməsi, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə artması, eləcə də vergi inzibatçılığında islahatların həyata keçirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında artım tempinin müşahidə edilməsi həm tədiyənin, həm də qeyri-neft sektorunda vergi daxilolmalarının artımına əlverişli şərait yaradır.

İqtisadiyyatda şəffaflaşma prosesinin davamlı olmasını təsdiqləyən göstəricilərdən biri də ƏDV-yə cəlb olunan dövriyyələrdə, eləcə də qeyri-neft sektorunun dövriyyələrində artım templərinin, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsidir.

Son 5 il ərzində reallaşdırılan islahatların nəticəsi kimi qeydə alınan davamlı artım iqtisadiyyatın dayanıqlığına, mürəkkəb iqtisadi şəraitdə dinamik göstəricilərin sabitliyinə və kənar təsirlərə qarşı davamlığına imkan verir. İqtisadi artım şəffaf biznes fəaliyyətinin təmin olunduğu şəraitdə formalaşır. Belə bir tendensiyanın davamlığı büdcə daxilolmalarının mütəmadi artması deməkdir. Bu isə cəmiyyətin rifahının, yüksək səviyyəli sosial xidmətlərin və firavan gələcəyin təminatıdır.

Reallaşdırılan layihələr sırasında qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznesin şəffaflaşma çağırışlarına müsbət reaksiya verərək adaptasiya prosesinin diqqətdə saxlanılması kimi təşəbbüslər xüsusi yer tutub. Nəticədə, “kölgə iqtisadiyyatı”nın “ağarması” prosesi getdikcə sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü qabarıq büruzə verib. Bununla bağlı dövlətimizin başçısı çıxışlarının birində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasının vergi daxilolmalarının artmasına əsaslı təsir göstərdiyini diqqətə çatdırıb: “Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub”.

Həyata keçirilən layihələrin nəticəsində son 6 ildə əmək müqavilələrinin sayında 82 faiz artım qeydə alınıb. Bu dövr ərzində özəl sektorda əməkhaqqı fondu 2,7 dəfə çoxalıb. Vergi sistemində islahatların həyata keçirilməsində əsas məqsəd isə həm şəffalaşmanı təmin etmək, qeyri-leqal əmək münasibətlərini leqal müstəviyə daşımaq, həm də yeni iş yerləri yaratmaq, eyni zamanda, dövlət büdcəsindən transportların həcmini azaltmaq olub.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, ölkədə bağlanmış əmək müqavilələrinin sayı cari il fevral ayının 1-nə 1 milyon 860 min 25 (2019-cu ilin əvvəli ilə müqayisədə 458 min 110 vahid çox) olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 430 min 225 vahid artaraq 970 min 147-yə yüksəlib.

Vergi ödəyicilərinin fəallığı mühüm şəffaflaşma indikatorudur. Son 5 ildə fəal vergi ödəyiciləri və fəal obyektlərin artımı davam edib. Fəal vergi ödəyicilərinin sayı 1 yanvar 2025-ci il tarixinə 807 minə, fəal ƏDV ödəyicilərinin sayı 53 minə, fəal təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 217 minə çatıb. Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən indiyədək təkcə fəal vergi ödəyicilərinin sayında 1,8 dəfə artım baş verib. İlin nəticələrinə görə, dövlət büdcəsinin gəlirlərində qeyri-neft gəlirləri 51,6 faiz təşkil etməklə artıq neft-qaz gəlirlərini üstələyib.

Bağlanmış əmək müqavilələrinin sayında artım iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır. Cari ilin yanvar-fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manat təşkil edib.

2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 15,5 milyard manat vəsaitin daxil olması proqnozlaşdırılır ki, bunun da 75,3 faizinin və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 faizinin və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin qeyri-neft ÜDM-nə nisbəti 12,7 faiz həddində proqnozlaşdırılır.

Beləliklə, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində reallaşdırılan tədbirlər bir çox sahələrdə fəaliyyəti leqallaşdırmağa və fəal ödəyicilər kateqoriyasını artırmağa imkan verib. 2024-cü il iyun ayının 1-nə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayında 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayında 6,5 faiz, hüquqi şəxslərin sayında isə 9,7 faiz artım qeydə alınıb.

Vergi sisteminin indiki inkişaf dinamikasına heç də asanlıqla nail olunmayıb. Belə ki, son illərdə ölkəmizdə vergi siyasəti iqtisadiyyatın indiki tələblərinə uyğun şəkildə daim təkmilləşdirilib, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericilikdə bir sıra əsaslı dəyişikliklər edilib. Bütün bunlarla yanaşı, yuxarıda vurğulandığı kimi, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə metodları təkmilləşdirilib, şəffaflaşma prosesləri genişləndirilib, dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. Şəffalaşma sahəsində əsas indikator kimi aparılan islahatların nəticəsi olaraq qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsi yüksəlib.

Qeyd edək ki, Azərbaycanda “kölgə iqtisadiyatı”nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edilib. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən hədəflərə uyğun şəkildə vergi sistemində ciddi dəyişikliklər və yeni yanaşmalar tətbiq olunub, iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib. Şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlarla dövlət – biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi ilə biznesin “kölgə”dən çıxmasına nail olunub.

Azərbaycanda “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması sahəsində son illər əhəmiyyətli nəticələr əldə edilib. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən hədəflərə uyğun şəkildə vergi sistemində ciddi dəyişikliklər və yeni yanaşmalar tətbiq olunub, iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib. Şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlarla dövlət – biznes münasibətlərində yeni bir transformasiyanın əsası qoyulub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi ilə biznesin “kölgə”dən çıxmasına nail olunub.

Yeri gəlmişkən, hazırda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyənləşdirilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunur. Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayış verməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilmir.

Azərbaycanın vergi sistemində 2019-cu ildə başlanan və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən yüksək dəyərləndirilib. Universitetin “Growth Lab” Mərkəzində Azərbaycan iqtisadiyyatı üzrə diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edilib və bu məsələdə respublikamızın uğur hekayəsi müsbət nümunə kimi göstərilib. Ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinə əsaslanan islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub.

 



İqtisadiyyat