Azərbaycandan Avropaya “yaşıl” enerji dəhlizi

post-img

Son illər Avropa Birliyinin mötəbər enerji tərəfdaşı kimi mövqeyini xeyli gücləndirən Azərbaycan Respublikası dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının da fəal iştirakçısına çevrilib. Buna isə ölkəmizin zəngin bərpaolunan enerji potensialı imkan yaradıb. Təsdiqlənmiş proqnozlara görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə aid ekvatoriyasında isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.

Hazırda Azərbaycan təbii qazının istisinə qızınan “köhnə qitə” ölkəmizin “yaşıl” potensialından da bəhrələnmək niyyətindədir. Elə dövlətimizin başçısı İlham Əliyevin də yeni enerji siyasətinin əsas istiqamətlərindən biri məhz Azərbaycanın Avropanın dekarbonizasiyasında fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla ölkəmiz, həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, əsasən də, “yaşıl” enerji təchizatçısına çevrilməyi hədəfləyir.

Artıq istər Azərbaycan, istərsə də ölkəmizin bərpaolunan enerji ehtiyatlarına müştəri düşən ölkələr bu hədəfə addım-addım yaxınlaşmaqdadır. Bunun isə yaxın illərdə reallaşacağı şübhəsizdir. Çünki bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Azərbaycanın “yaşıl” enerjisinin Avropaya çatdırılmasını nəzərdə tutan həmin sazişə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabelinin tikintisi nəzərdə tutulur. Həmin kabel Azərbaycanda hasil edilən “yaşıl” enerjini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Bu da ölkəmizdə istehsal olunan “yaşıl” enerjini Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan “köhnə qitə”nin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

2024-cü il sentyabrın 3-də 4 ölkənin sistem operatorları – “AzərEnerji” ASC, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi” imzalanıb. “Yaşıl” enerji infrastrukturunun tikintisinin 3-4 il ərzində başa çatdırılacağı nəzərdə tutulur. Avropa Komissiyası isə layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Dünyanın bir sıra tanınmış ekspertləri də Avropanı “yaşıl” enerji ilə təmin etmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu gücləndirilməsinə, Avropa və Qafqaz regionunda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bərpaolunan enerji sektorunun inkişafına və tranzit imkanlarının artırılmasına töhfə verəcəyi qənaətindədirlər. Onlar hesab edirlər ki, bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq.

Martın 10-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası, imzalanan sənədlər də bu baxımdan müstəsna əhəmiyyət daşıyır.

Xəbər verildiyi kimi, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja və Bolqarıstanın energetika naziri Jeço Stankov, eləcə də Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (CESİ) nümayəndələrinin iştirak etdikləri iclasda ölkəmizin bərpaolunan enerji potensialının inkişafı, “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. Toplantıda “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin fəaliyyəti, qurum tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın cari vəziyyəti, Bolqarıstanın layihəyə cəlbi və layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov çıxışında Xəzər dənizinin Azərbaycan seqmentində müəyyən edilmiş 4 sahədə külək enerjisi üzrə bir sıra beynəlxalq şirkətlərlə müvafiq müqavilə sənədləri üzərində işlər aparıldığını bildirib. Yeri gəlmişkən, Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisi potensialı ilə zənginliyi bütün dünyaya məlumdur. Mütəxəssislər dənizin ölkəmizə aid hissəsi üzrə külək enerjisinin ümumi texniki potensialını 157 qiqavat həcmində qiymətləndirirlər. Bunun da 35 qiqavatı dənizin dayaz, 122 qiqavatı isə dərin sulu hissələrinin payına düşür. Bu fakt artıq beynəlxalq enerji qurumları tərəfindən də öz təsdiqini tapıb.

Təsadüfi deyil ki, Ümumdünya Külək Enerjisi Şurasının “Global Wind Report 2022” adlı hesabatında dənizdə külək enerjisi sahəsində yeni bazarların kəşf edilməsi çərçivəsində dörd ölkənin ‒ Şri Lanka, Azərbaycan, Avstraliya və Türkiyənin adı önə çəkilib. Göründüyü kimi, sözügedən hesabatda Azərbaycan külək enerjisi potensialına görə bu ölkələr arasında ikinci yerdə qərarlaşıb. Qurumun hesablamalarına görə, Avstraliyanın dənizdə külək enerjisi potensialı 4 min 963 qiqavat, Azərbaycanın imkanları 157 qiqavat, Şri-Lankanın potensialı 92 qiqavat, Türkiyənin imkanları isə 70 qiqavatdır.

Artıq ölkəmiz bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ildə Azərbaycanın “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı əvvəlki ilə nisbətən 1 milyard 728,7 milyon kilovat-saat artaraq 3 milyard 850,9 milyon kilovat-saata çatıb. Təmiz enerjinin 3 milyard 11 milyon kilovat-saatı su elektrik stansiyalarının, 839,9 milyon kilovat-saatı isə bərpaolunan enerji mənbələrinin payına düşüb. İl ərzində ölkənin günəş elektrik stansiyalarında 556,3 milyon kilovat-saat, külək elektrik stansiyalarında 51,1 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Yeri gəlmişkən, bərpaolunan enerji istehsalının kəskin artması 2023-cü ilin oktyabr ayında istifadəyə verilmiş 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyasının ahəngdar rejimdə çalışması ilə bağlı olub.

Yaxın illərdə isə bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi üçün ölkəmizdə yeni “yaşıl” güclər istifadəyə veriləcək. Bu il 240 meqavatlıq sənaye miqyaslı “Xızı – Abşeron” Külək Elektrik Stansiyası istifadəyə veriləcək. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək. Bununla yanaşı, növbəti iki il ərzində Biləsuvarda 445 meqavatlıq, Neftçalada 315 meqavatlıq, Cəbrayılda 240 meqavatlıq və Qobustanda 100 meqavatlı günəş, Bakı – Şamaxı yolunun üstündə 240 meqavatlıq Abşeron – Qaradağ külək elektrik stansiyaları istismara daxil ediləcək.

Bütün bu layihələrin icrası isə ölkəmizin “yaşıl enerji” potensialını artıracaq və bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası baxımından əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.

Ölkəmizin Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı çərçivəsində “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi” hazırlanıb. Sənəddə qeyd olunduğu kimi, Azərbaycan 2040-cı ilədək dəniz küləyindən enerji hasilatı üçün 7 qiqavat qoyuluş gücünə nail ola bilər. Bununla da, ölkənin dekarbonlaşma və dayanıqlı iqtisadi artım kimi paralel prioritetlərinin icrası sürətlənər. Ümumilikdə, Azərbaycanda ilk dəfə hazırlanmış dəniz külək enerjisi üzrə Yol Xəritəsi iki artım ssenarisini (yüksək və kiçik artım) nəzərdə tutur.

Yol Xəritəsində dəniz külək energetikası potensialının istifadəsi məqsədilə tədbirlər də təqdim edilir. Həmin tədbirlərin sırasına 2030 və 2036-cı illər üçün 200 meqavat gücündə pilot layihəsinin, sonra isə bu qəbildən olan daha iri təşəbbüslərin işlənib hazırlanması və rəqabətli müsabiqə şəraitində tikilməsi, istifadəyə verilməsi, dəniz küləyi üçün yeni perspektivli sahələrin kəşf edilməsi, infrastrukturun modernləşdirilməsi, habelə dəniz külək energetikası sahəsində davamlı layihələrin ardıcıllığını gerçəkləşdirmək üçün dövlət qurumlarında müvafiq bilik və bacarıqların artırılması daxildir.

Budapeşt toplantısında mövcud razılaşmaların “yaşıl” hidrogenin inkişafı ilə bağlı planları da dəstəkləyəcəyini vurğulayan nazir Pərviz Şahbazov layihənin istehsal və ötürmə komponentləri, eləcə də biznes modelləri, Xəzər dənizinin potensial “yaşıl” enerji həcmlərinin regionda paylanması ilə bağlı tədqiqatlara dair tövsiyələrini də diqqətə çatdırıb. İclasda GECO və CESI ilə sıx koordinasiya şəraitində işçi qrupunda iki iş axınının yaradılması təklif edilib. Qeyd olunub ki, birinci axın layihənin iş modellərinə fokuslanaraq potensial investorlar və alıcılarla əlaqə qurulması üçün hazırlıq işlərini apara, ikinci axın isə texniki detalları, ENTSO-E və digər müvafiq qurumların tələblərinə uyğunluğu nəzərdən keçirə bilər. Nazir, həmçinin layihənin fiber-optik komponentinin texniki iqtisadi əsaslandırma ilə bağlı iş həcminə daxil edilməsi üçün də qəti addımların atılmasının vacibliyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Məktub “Xəzər – Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə ortaq maraqlar layihəsi statusunun verilməsinə müvafiq dəstəyi təmin etmək məqsədi daşıyır. Layihənin Avropa İttifaqının on illik şəbəkə inkişafı planına daxil edilməsi üçün 2025-ci il aprelin 1-dən mayın 9-dək müvafiq müraciətin ötürücü sistem operatoru kimi “Transelectrica” tərəfindən, ümumi prosesə nəzarətin isə GECO ilə birgə həyata keçirilməsi razılaşdırılıb.

Eyni zamanda, Bolqarıstanın hökumətlərarası sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Birgə Müəssisəyə Bolqarıstanın layihəyə qoşulması və fiber-optik kabel komponentlə əlaqədar məsələlərin texniki iqtisadi əsaslandırmanın iş həcmində nəzərə alınması üçün müvafiq səlahiyyətlər verilib. İclas çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə CESI şirkəti arasındakı müqavilə üzrə əsas səlahiyyət və öhdəliklərin GECO-ya ötürülməsi məqsədilə müvafiq sənəd imzalanıb.

Heç şübhəsiz, Budapeşt toplantısında müzakirə olunan məsələlər, tərəflər arasında imzalanmış yeni sənədlər iştirakçı ölkələr arasında “yaşıl” enerji əməkdaşlığının daha da möhkəmlənməsinə və Qara dəniz sualtı kabel layihəsinin icrasının sürətlənməsinə, eləcə də Azərbaycanın və regionun bərpaolunan enerjisinin Avropaya çatdırılmasına gətirib çıxaracaq.

XQ-nin analitik qrupu

İqtisadiyyat