Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə sığortalana bilən 41 bitki növü arasında qoz bitkisi də var. Artıq ölkəmizdə kütləvi şəkildə əkilən qoz bağlarının sığortalanmasına başlanılıb. Təsərrüfat sahibləri qoz bağlarını 50 faiz güzəştli şərtlərlə sığorta edə bilərlər. Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin rəsmi məlumatlarına əsasən, Azərbaycanda qoz bağlarının ümumi əkin sahəsi 7 min hektara çatır. Bura, həmçinin son illər xüsusilə artan intensiv və superintensiv bağlar da daxildir. Qoz bağlarının 40 faizindən çoxu, təqribən, 3 min hektarı Şəki – Zaqatala iqtisadi rayonunda yerləşir. Bu göstərici Quba – Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonları üzrə isə müvafiq olaraq 1335 hektar və 776 hektar təşkil edir.
Fondun məlumatına əsasən, son illər ölkəmizdə qoz bağlarının sahəsi genişlənməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il istiyə tələbkar, eyni zamanda, quraqlığa, sərt iqlim şərtlərinə, şaxtaya davamlı qoz bitkisinin əkin sahəsində 210 hektar artım qeydə alınıb. Qoz bağlarına fermerlərin marağının çoxalması və bu sahəyə yatırılan investisiyaların artımı bağların çoxsaylı risklərdən sığortalanmasını da zəruri edir.
Aqrar sığorta qoz bağlarını, dolu, fırtına, qasırğa, subasma, vəhşi heyvan hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən qoruyur. Artıq qoz bağlarına dəyən zərərlər üzrə ödənişlər də başlayıb. Belə ki, 2024-cü ildə Şəki – Zaqatala regionunda baş vermis hadisələr və qoz bağlarına dəyən zərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 20 min 161 manat sığorta ödənişi edilib. Bu ödənişlər fırtına, qasırğa, sel-subasma kimi hadisələr üzrə edilib. Yeri gəlmişkən, sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyi üçün fermerlər cüzi ödənişlə bağlarını sığorta edə bilərlər. Belə ki, Quba – Xaçmaz regionunda 1000 manatlıq qoz məhsulunun sığortalanması üçün 10 manat, Şəki – Zaqatalada 19 manat, Dağlıq Şirvan regionunda isə 17 manat sığorta haqqı ödənilməlidir. Eyni zamanda, fermerlər qoz bağında gözlənilən məhsulla yanaşı, ayrıca olaraq acağları və tingləri də olduqca sərfəli şərtlərlə sığorta edə bilərlər.