Azərbaycan regionda “yaşıl” enerjiyə keçidə yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Ölkəmiz ekoloji mübarizəni davamlı olaraq genişləndirir və təmiz gələcək üzrə praktiki tədbirlər həyata keçirir, səmərəliliyi ilə diqqətçəkən öhdəliklər yerinə yetirir. Dövlət Neft Şirkətinin metan tullantılarının sıfra endirilməsi ilə bağlı öhdəlik götürməsi bunun bariz ifadəsidir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında əsas prioritetlərdən biri ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Dövlət başçısının dediyi kimi, Qarabağın “yaşıl” enerji zonasına çevrilməsi bu baxımdan olduqca önəmlidir.
İqtisadiyyat Nazirliyinin məlumatında daha sonra bildirilir ki, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycanın iqtisadi münasibətlərinin genişlənməsində mühüm şərt kimi diqqət çəkir. Respublikamızın münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 QVt gücündə “yaşıl” enerji layihələri beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə ümumi qoyuluş gücü 1000 MVt olan “yaşıl” enerji layihələri üzrə müqavilələrin imzalanması, “Masdar”la əməkdaşlıq çərçivəsində Xəzər və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının gözlənilən tikintisi, xarici tərəfdaşlarla Biləsuvar və Neftçalada günəş enerjisi layihələrinin maliyyələşdirilməsi üzrə sənədlərin imzalanması və s. ölkəmizdə bu sahədə görülən işlərin parlaq ifadəsidir. Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək layihələrin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
Dövlət Nef Şirkəti, bp və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. AİŞ-in portfelində işğaldan azad edilmiş ərazilərdə Türkiyənin “Demirören Holding”i ilə birgə həyata keçirilən 5 kiçik su elektrik stansiyasının bərpası layihəsinin də xüsusi önəmi var. Bu layihə su elektrik stansiyalarının regionu bərpa olunan enerji ilə təmin edərək ənənəvi enerji təchizatı mənbələrindən asılılığı azaltması ilə AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirir.
Alternativ energetika sahəsində dünyanın aparıcı şirkətləri ilə bağlanmış müqavilələr nəticəsində ölkəmizə 2 milyard ABŞ dolları həcmində investisiya yatırılacaq. Bu investisiyalar nəticəsində 2 min meqavat gücündə bərpa olunan enerji istehsalı mümkün olacaq.
Azərbaycanın liderlik etdiyi “Xəzər – Qara dəniz – Avropa”, “Azərbaycan –Türkiyə – Avropa” və “Azərbaycan – Mərkəzi Asiya – Avropa” yaşıl enerji dəhlizləri üzrə layihələr Avropaya “yaşıl” enerjini müxtəlif marşrutlarla ötürməklə strateji missiya yerinə yetirmiş olacaq və bu istiqamətdə ölkəmizin dünyada mövqeyini daha da gücləndirəcək.
Beləliklə, yeni trendlərin iqtisadiyyatda uğurlu tətbiqi, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi, investisiya fəallığının artırılması və s. amillər innovativ və prioritet layihələrin gerçəkləşdirilməsi üçün münbit şərait yaradıb. Bu layihələrin intensivliyi isə, öz növbəsində, qeyri-neft sektorunun şaxələndirilməsi və strukturunun yenilənməsində, iqtisadi artımın və davamlılığın gələcəkdə də təmin edilməsində, “yaşıl” iqtisadiyyatın sürətli inkişafında, sosial rifahın yüksəlişində böyük rol oynayacaq.