Böyük Qayıdışın yüksəliş addımları

post-img

Azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası ölkənin dayanıqlı inkişafına geniş imkanlar vəd edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes üçün əlverişli mexanizmlərin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergi, gömrük, sosial sığorta və digər güzəştlərin diqqət mərkəzində saxlanılması regionun inkişafında, eləcə də biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirlərinin həyata keçirilməsi xüsusi qeyd edilməlidir. İstehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların ƏDV və gömrük rüsumlarından azad edilməsi bu istiqamətdə atılan əhəmiyyətli addımlardan biridir. Bu yerlərdəki sahibkarlıq subyektlərinin mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən azad olunmaları da həmin ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan ayrılan kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir.

Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları mədənçıxarma, kənd təsərrüfatı, “yaşıl” enerji və s. sahələrin inkişafı üçün böyük potensiala malikdir. Bölgədə biznes üçün güzəşt və azadolmalar, həmçinin güzəştli kredit, kredit-zəmanət və subsidiya mexanizmləri, digər dəstək tədbirləri tətbiq edilir. Eyni zamanda, adları çəkilən iqtisadi rayonlarda rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin gerçəkləşdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları Qarabağ və Şərqi Zəngəzurun sənayeləşməsini sürətləndirir.

Ağdam Sənaye Parkı yaradıldığı qısa müddət ərzində rezident sayına görə ölkəmizdəki sənaye parkları arasında ikinci yerə yüksəlib. Burada 28 rezidentin və 4 qeyri-rezidentin səmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Sənaye parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. İş adamları tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb.

Ağdam Sənaye Parkındakı 9 müəssisədə istehsal edilən məhsulların daxili bazarda satılmasi ilə bərabər, ixracı da diqqətdə saxlanılıb. Parkda indiyədək sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə – yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində təşkil olunub. Sənaye parkının investisiya portfeli 130 milyon manatdan çox 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulub.

Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Parkda 1 müəssisənin fəaliyyəti reallaşdırılıb, 6 müəssisənin isə yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılıb.

Bu il martin 1-i məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının rezidentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 123 təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında müəssisələr üçün, təqribən, 7,4 milyon manat dəyərində vergi və rüsumlardan azadolma tətbiq olunub.

Sakinlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə dövlət başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının həyata keçirilməsi diqqətdə saxlanılıb. Prezident İlham Əliyev tərəfindən ilk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Zəngilan rayonunda qoyulub, yaşayış məntəqəsi qısa müddətdə tikilərək məskunlaşdırılıb. Həmçinin dövlət başçısı tərəfindən 2021-ci ilin oktyabr ayında ikinci “Ağıllı kənd” konsepsiyası əsasında Füzuli rayonunda bir neçə yaşayış məntəqəsini birləşdirən Dövlətyarlı kəndinin təməli qoyulub. Burada “yaşıl” və alternativ enerjidən istifadə olunması, “ağıllı” idarəetmə sisteminin tətbiq edilməsi və “Ağıllı kənd” təsərrüfatı sahəsinin yaradılması nəzərdə tutulub.

 





İqtisadiyyat