Azərbaycanda yeraltı və yerüstü suların elektron coğrafi xəritəsinin hazırlanması nəzərdə tutulub

post-img

Respublika ərazisində (o cümlədən Naxçıvan Muxtar Respublikasında) su ehtiyyatlarının qiymətləndirilməsi iki istiqamət üzrə aparılır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Ataxan Bədəlov brifinqdə bildirib.

Şöbə müdiri qeyd edib ki, yeraltı su ehtiyatlarının qiymətləndirilməsi 8800 ədəd müşahidə quyuları, o cümlədən 2100 ədəddən yuxarı müalicəvi, kəhriz və termal suların dərinlik quyularından əldə edilən məlumatlardan istifadə etməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geoloji Kəşfiyyat Agentliyi” PHŞ tərəfindən aparılan hidrogeoloji tədqiqatlar əsasında həyata keçirilir.

“Yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə respublika ərazisində mövcud olan çaylar üzərində və Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində mütəmadi hidroloji monitorinqlərin aparılması üçün 88 stansiya və məntəqə vasitəsi ilə suyun səviyyəsi, temperaturu, su sərfinin ölçülməsi məqsədilə gün ərzində iki dəfə monitorinq ölçmə işləri aparılır, suyun kimyəvi göstəricilərinin müəyyən edilməsi və laborator analizlər aparılması üçün nümunələr götürülərək aidiyyəti üzrə göndərilir. Bundan əlavə, respublika üzrə hidrogeoloji meliorativ vəziyyətin qiymətləndirilməsi və suvarılan ərazilərdə torpağın şorlaşma dinamikasının müəyyən olunması məqsədilə götürülən torpaq nümunələri üzərində laborator analizlər aparılmaqla suyun 1 litrində duzların qramla miqdarı müəyyən olunaraq regional zonalara göndərilir və 1:50000 miqyasında şorlaşma xəritələri tərtib olunur. Bu xəritələr növbəti mərhələdə meliorativ tədbirlərin həyata keçirilməsi və torpaqlarda təkrar şorlaşma risklərinin aradan qaldırılıması istiqamətində preventiv tədbirlərin görülməsinə imkan verir”, - deyə şöbə müdiri əlavə edib.

Ataxan Bədəlov əlavə edib ki, çaylar üzərində quraşdırılmış 40 dəst avtomat hidroloji stansiyada monitorinqlərin aparılması məqsədilə təchiz edilmiş avadanlıqlar vasitəsilə real vaxt rejimində müvafiq məlumatların əldə edilməsi təmin edilir: “Yerüstü su ehtiyyatlarının bugünkü günə real qiymətləndirilməsi və ölkə üzrə həm yeraltı, həm də yerüstü su ehtiyatlarının daha düzgün qiymətləndirilməsinin təmin edilməsi məqsədilə gələcəkdə monitorinq şəbəkəsənin avtomatlaşdırılmış sistemlər vasitəsilə genişləndirilməsi, həmçinin yeraltı və yerüstü suların elektron coğrafi sxem və xəritəsinin hazırlanması nəzərdə tutulub”.

İqtisadiyyat