İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası üzrə əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması barədə ilk iclas keçirilib.
İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili işlər, Elm və təhsil nazirlikləri, Avtomobil Yolları Dövlət Agentliyi, eləcə də Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri ilə müzakirə aparılıb. İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov 10-dan çox dövlət proqramının və strategiyanın monitorinqi və qiymətləndirilməsi üzrə təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, sözügedən Dövlət Proqramının icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və rəqəmsal platforma barədə ətraflı məlumat verib.
Görüşdə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması məqsədilə əsas icraçı qurumlara İİTKM-in hazırladığı nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və adıçəkilən proqramın səmərəliyini artırmaq məqsədilə nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb.