Qarabağda özəl fəaliyyət genişlənir

post-img

10 layihəyə 23,8 milyon manat kredit verilib

Sahibkarlığın İnkişafı Fondunun (SİF) məlumatına görə, qurumun 2024-cü ildə güzəştli kreditlə təmin etdiyi sahibkarlıq subyektlərinin sayı 5 min 722-yə (2023-cü illə müqayisədə 74,7 faiz çox) çatıb. Verilən kreditin məbləği isə 28 faiz yüksələrək 248,1 milyon manat təşkil edib.

Hesabat ilində fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə sənaye, kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Fondun verdiyi ümumi güzəştli kredit məbləğinin 53,3 faizi kənd təsərrüfatı, 38,1 faizi sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1 faizi xidmət, 2,1 faizi turizm və 0,4 faizi isə balıqçılıq sahələrinə yönəldilib.

Fondun məlumatına görə, 2024-cü ildə güzəştli kreditlə gerçəkləşdirilən layihələrin 94,7 faizi, verilmiş güzəştli kredit məbləğinin isə 72 faizi və ya 179 milyon manatı regionların payına düşüb.

Yeri gəlmişkən, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı da diqqətdə saxlanılıb. Bu ərazilərdə özəl sektorun tərəqqisi məqsədilə infrastrukturun qurulmasına xüsusi önəm verilib. Belə ki, işğaldan azad olunan torpaqlarda investisiya mühitinin yaradılması məqsədilə növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. Qarabağ və Şərqi Zəngəzur elektrik enerjisi ilə tam təmin olunub. Bu iqtisadi rayonlar ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastukturu ilə birləşdirilib.

İşğaldan azad olunan ərazilərin bərpası haqqında danışarkən bir məqamı da xatırlatmaq istərdik. SİF-in məlumatına görə, adıçəkilən fond 2022-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarları güzəştli kreditlərlə təmin etməyə başlayıb. Fond ötən müddət ərzində bu torpaqlarda gerçəkləşdirilən 10 layihəyə, ümumilikdə, 23,8 milyon manat güzəştli kredit verib.

Beləliklə, son illərdə güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına böyük töhfə verib. Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının reallaşdırılması üçün onların güzəştli maliyyə resurslarına çıxışı mühüm önəm daşıyıb. Dövlətin bu sahədə gerçəkləşdirdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradıb və onların biznes fəaliyyətlərinin genişləndirməsini şərtləndirib. Xatırladaq ki, hesabat ili ərzində fondun maliyyələşdirdiyi layihələrin 99,8 faizi, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət–subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Hesabat dövründə bu ərazilərdə icra olunan 3 layihə üzrə fonddan, ümumilikdə, 8,1 milyon manat güzəştli kredit əldə olunub.

2024-cü il işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi ilə 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılması və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddətinin tətbiq edilməsi qərara alınıb.

 

İqtisadiyyat