Azərbaycanın Pakistanın şimal-şərq əyaləti olan Pəncabda Ticarət evi fəaliyyətə başlayıb. Açılış mərasimində əyalətin maliyyə naziri Mian Muctaba Şuca-ur-Rəhman iştirak edib.
Nazir belə bir təşəbbüsün gerçəkləşməsini Azərbaycan və Pakistan arasında ikitərəfli ticarət və mədəni əlaqələri gücləndirə biləcək əlamətdar hadisə adlandırıb. M.Rəhmanın sözlərinə görə, Ticarət evi hər iki ölkənin sahibkarlarına işgüzar əlaqələri genişləndirmək, ticarət həcmini artırmaq və uzunmüddətli iqtisadi tərəfdaşlıq qurmaq imkanı verərək investisiya və biznes üçün yeni imkanlar yaradacaq.
Əyalət rəsmisi Azərbaycan investorlarını Pəncab bazarının perspektivlərini araşdırmağa çağırıb və toxuculuq sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları və energetika kimi sektorlarda əhəmiyyətli potensialın olduğunu qeyd edib. Maliyyə naziri vurğulayıb ki, iqtisadi inkişaf artıq sadəcə ticarət həcminin artırılması ilə məhdudlaşmır, texnologiyalar, insan kapitalının inkişafı və innovasiyaların dəstəklənməsi mühüm rol oynayır.
M.Rəhman, eyni zamanda, Azərbaycan Ticarət evinin iqtisadi əməkdaşlıq üçün mühüm platforma olacağına və iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Maliyyə naziri ölkəsinin respublikamızla ticari, investisiya və mədəni əlaqələrin inkişafına sadiq olduğunu da diqqətə çatdırıb.