Daha 3 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

post-img

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Şəki, Gəncə-Lənkəran və Gəncə-Mingəçevir şəhərlərarası avtobus marşrutları üzrə müsabinin qalibləri müəyyən edilib.

“Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC;

“Gəncə-Lənkəran” marşrutu üzrə hüquqi şəxs “Min.Avtotrans” MMC;

“Gəncə-Mingəçevir” marşrutu üzrə hüquqi şəxs “Gəncə-ekspress” ASC komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

İqtisadiyyat