İlk ayda dövlət büdcəsi proqnozu üstələnib

post-img

Maliyyə Naziriyinin yaydığı məlumata görə, ölkəmizin dövlət büdcəsinin gəlirləri cari ilin yanvar ayında 4 milyard 49 milyon manat (aylıq proqnozdan 89 milyon manat və ya 2,25 faiz çox) təşkil edib.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 milyard 259 milyon 282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487 milyon 139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3 milyon 335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206 milyon 8 min manat olub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57 milyon 317,9 min manata, sair daxilolmalar isə 35 milyon 363,6 min manata yüksəlib.

Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 milyard 339 milyon 594,2 min manat (aylıq proqnozdan 12 milyon 487,1 min manat və ya 0,54 faiz çox) təşkil edib.

Məlumatda deyilir ki, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.

İqtisadiyyat