Bu məbləğ ÜDM-in 6,9 faizi qədər – 5 milyard 160 milyon dollardır
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hazırda Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5 milyard 160 milyon dollar və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.
Bildirilib ki, cari ilin 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1 milyard 295,5 milyon manatın ödənilməsi təmin edilib.
2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb. Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən, 2025-ci il 1 yanvar tarixinə 18 milyard 659,7 milyon manat təşkil edib.
Bütün bunlar nəzərə alınaraq ölkədə son illərdə istər daxili, istərsə də xarici borcun qarşılanması üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit olması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə idarəetmənin institusional çərçivəsi təkmilləşdirilib və maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib. Belə bir şəraitdə isə iqtisadi proqnozlar özünü doğruldub, ən başlıcası isə əhalinin yığımları dəyərsizləşmədən xilas olunub və investisiya arımı reallaşıb.
Ölkədə daxili və xarici borcların qarşılanmasından bəhs edərkən, bir məsələni də xatırlatmaq istərdik. Belə ki, son illər respublikamızın daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb.
Bu sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. Həmin strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.
Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir.
Azərbaycanın xarici dövlət borcunun azalması bir sıra amillərlə bağlıdır. Bu, ilk növbədə, düşünülmüş uzunmüddətli strategiyanın uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam – “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” da bunun bariz ifadəsidir.
Sonda qeyd edək ki, yenilənən strategiya çərçivəsində xarici dövlət borcunun ÜDM-də payının 2025-ci ilin sonuna 15 faizdən aşağı səviyyədə saxlanılması, növbəti dövrdə (2025–2030) isə 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.