“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) ötən ilin oktyabr ayında aldığı sayca ikinci “Handysize” tipli “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora ilk səfərini uğurla tamamlayıb. Gəmi hazırda Çilinin Tokopilla limanına tərəf hərəkət edir, burada gübrə və ammonium nitrat yükünü anbarlarına yükləyəcək və daha sonra Braziliyanın Salvador limanına doğru istiqmət götürəcək. Bu barədə XQ-yə ASCO-dan məlumat verilib.
Bildirilib ki, “Murovdağ” nəhəng quru yük gəmisi “Xəzər Dəniz Gəmiçiliyi”nin 2024-cü ilin mayında istifadəyə verdiyi ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi, təxminən, 38 min ton yükgötürmə qabiliyyətinə (dedveytə) malikdir. Gəminin uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayaz limanlara da rahatlıqla daxil ola bilir.
Xatırladaq ki, 2020-ci ildə Yaponiyada inşa edilmiş “Murovdağ” ekoloji baxımdan beynəlxalq standartlara cavab verir, yanacaq sərfində qənaətcilliyi ilə seçilir. Gəmi müasir təhlükəsizlik sistemləri ilə təchiz edilib.