Yeni istilik elektrik stansiyası mövcud gücü balanslaşdıracaq
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayır. Həyata keçirilən tədbirlər onu göstərir ki, qədim diyarın hərtərəfli inkişafı dövlət başçısının diqqət mərkəzindədir”.
Bu sözləri “XQ”-yə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bu yaxınlarda Naxçıvan Sənaye Parkının yaradılması haqqında imzaladığı fərmanı və dekabrın 23-də Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı muxtar respublikanın gələcək inkişafı baxımdan mühüm addımlardır.
Dövlət Energetika Xidməti rəisinin müavini yaradılacaq yeni istilik elektrik stansiyası haqqında deyib: “Bu, muxtar respublikada icra olunacaq ən irihəcmli layihədir. İstilik Elektrik Stansiyasının iki əsas faydası olacaq. Birincisi, muxtar respublikanın enerji dayanıqlığı tam təmin olunacaq. İkincisi, stansiya bölgədə alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq”.
T.Murtuzəliyev daha sonra qeyd edib ki, dövlət başçısının “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı da muxtar respublikada enerji təhlükəsizliyinin gücləndirilməsi, su təchizatının dayanıqlığının artırılması, eyni zamanda, infrastrukturun modernləşdirilməsinə ciddi töhfələr verəcək. Bu, həm də bölgənin ölkənin əsas enerji sisteminə qoşulmasında və ixracın təmin edilməsində ən əhəmiyyətli addımlarından biri olacaq.
Səbuhi HƏSƏNOV
Naxçıvan