Qarabağ yeni layihələrin pilot meydanıdır

post-img

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovla müsahibəsində dövlətimizin başçısı jurnalistin “Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edirmi?” sualına cavabında bildirib ki, işğalçının dağıtdığı yaşayış sahələrinin yenidən qurulmasında Rusiya şirkətlərinin sayı az olsa da, fəaliyyətlərində səmərəlilik diqqət çəkir. Ölkə rəhbəri hazırda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən, Qubadlı rayonunda uşaq bağçasının tikildiyini, Qarabağda Rusiyanın ilk investisiya layihəsi olan “KamAZ” xidmət mərkəzinin bərpa-quruculuq prosesində yaxından iştirak etdiyini də vurğulayıb.

Xatırladaq ki, istər rusiyalı, istərsə də digər xarici iş adamlarının Qarabağ və Şərqi Zəngəzurda səmərəli fəaliyyət göstərmələri üçün onlara 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər verilib. Ümumiyyətlə, Azərbaycanda formalaşan əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılan cəlbedici imkanlar, habelə tətbiq edilən vergi və gömrük güzəştləri xarici sərmayədarların ölkəmizə marağını artırıb. Bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika, rəqəmsallaşma kimi bir çox sahələrdə xarici investorlarla birgə uğurlu layihələrin həyata keçirilməsi daim diqqətdə saxlanılıb. 

Bu gün işğaldan azad edilən ərazilərdə yaşayış sahələrinin salınması sürətlə həyata keçirilir, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir və bütün bu tikinti-quruculuq işləri keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə məskunlaşdırılmasına xidmət edir.

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Prezident İlham Əliyevin çıxışlarının birində bununla bağlı söylədiyi fikir diqqət çəkir: “Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə”.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonası elan edib. Dövlətimizin başçısının 2021-ci ildə imzaladığı müvafiq sərəncamla işğaldan azad olunan ərazilərin bərpası üzrə konsepsiya hazırlanıb. Eyni zamanda, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl” enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib. 

Ötən müddətdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəkləşdirilməsi, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, elektrik nəqliyyat vasitələrindən istifadə üçün infrastrukturun qurulması, tikililərin damlarında bərpaolunan enerji qurğularının yerləşdirilməsi, xüsusən günəş panellərinin quraşdırılması, həmçinin küçələrin və yolların LED lampaları ilə işıqlandırılması kimi, “yaşıl” həllərin tətbiqi istiqamətində genişmiqyaslı işlər görülüb.

Dövlət başçısı müsahibədə bununla bağlı fikirlərini belə ifadə edib: “Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirmişik və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə, təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər bizə 6 min meqavat verəcək”. 

Bu məqamda onu da qeyd edək ki, təkcə Qarabağda deyil, ümumiyyətlə, Azərbaycanda son illər sözügedən sahədə bir sıra mühüm layihələr reallaşdırılıb. Məsələn, MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 meqavatlıq, Biləsuvarda isə 445 meqavatlıq GES və Abşeron-Qaradağ rayonları ərazisində 240 meqavatlıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib. 

Respublikada “yaşıl” enerjinin reallaşdırılması üçün normativ hüquqi bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılıb. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiqlənib. “Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” əsasında bağlanan müqavilələr və keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların səmərəli fəaliyyətinə əlverişli zəmin yaradılıb. Eyni zamanda, fəal istehlakçıların dəstəklənməsi və “yaşıl” sertifikatlarla bağlı qaydalar təsdiqlənib. Bütün bunlarla bərabər, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib. 

Hazırda ölkəmizdə “yaşıl” enerjidən istifadənin genişləndirilməsi məqsədilə dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı, “yaşıl” enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, “yaşıl” hidrogen, elektromobillik və digər məsələlərlə bağlı layihələr hazırlanır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır. 

Prezident İlham Əliyev sözügedən müsahibəsində jurnalistin “Bu yaxınlarda Azərbaycan nəhəng iqlim sammitinə evsahibliyi etdi. Hansı çətinliklərlə üzləşməli oldunuz və bu sammitin əsas nəticələri nədən ibarətdir?” sualını da ətraflı cavablandıraraq deyib: “Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, – belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, – qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi”. 

Dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, Azərbaycan həmin çətinliklərin öhdəsindən fədakarlıqla gəldi. Belə ki, qısa müddətdə müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirildi. Bu, çox böyük təşkilati iş idi və Azərbaycan onun öhdəsindən şərəflə gəldi. Bütün bunlarla bərabər, məlum qüvvələrin Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəzi, qarayaxma kampaniyası haqq-ədalət qarşısında məğlub oldu, heç bir nəticə vermədi. Ən böyük qələbə isə COP29 əldə edilən uğurlara görə “Bakı dönüşü” adlandırıldı. Çünki Paris Sazişinin 6-cı maddəsi razılaşdırıldı, 2015-ci ildən müzakirə olunan karbon bazarları problemi həll edildi. Bu, ölkələrə kvotaları satmağa və bununla da qlobal emissiyanı arzuolunan həddə saxlamağa şərait yaratdı.

İqtisadiyyat