Əsrin müqaviləsi: “Azəri–Çıraq–Günəşli”də neft hasilatı 600 milyon tona çatdı

post-img

Dekabrın 13-də BP şirkəti “Əsrin müqaviləsi”nin iştirakçıları – “SOCAR”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” adından “Azəri–Çıraq–Günəşli” yataqlar blokundan 600 milyonuncu ton neft hasilatını bəyan edib. Ümumilikdə, hasil edilmiş 600 milyon ton neft Bakı – Tbilisi – Ceyhan və Qərb İxrac boru kəmərləri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql olunub.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bu əlamətdar hadisəyə münasibət bildirərkən deyib: “Azəri–Çıraq–Günəşli” yatağından 600 milyon ton neft hasilatına nail olunması Azərbaycanın enerji sektorunun davamlı uğurunu təsdiqləyən əhəmiyyətli nailiyyətdir. Bu əlamətdar hadisə, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi sayəsində mümkün olmuşdur. Heydər Əliyevin müdrik siyasəti 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına yol açaraq ölkəmizin enerji müstəqilliyinin və iqtisadi rifahının təməlini qoymuşdur. AÇG-nin 30 illik yubileyini qeyd edərkən SOCAR bu irsi davam etdirməklə enerji sektorunda yenilik və dayanıqlılığa töhfə verməyə davam edəcək.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz da bu tarixi nailiyyətlə münasibətini bu şəkildə ifadə edib: “Bu tarixi hadisə AÇG yatağının 30-cu ilində əldə edilmiş növbəti nailiyyətdir. Biz qürur duyuruq ki, ümumilikdə, 600 milyon ton neft təhlükəsiz, etibarlı və ətraf mühit baxımından məsuliyyətli əməliyyatlar nəticəsində əldə olunub. Bu nailiyyət AÇG-nin ölkəyə və bütün maraqlı tərəflərə verdiyi misilsiz töhfənin gözəl ifadəsidir. Bu, həmçinin AÇG-nin uğurunu fədakar əməkləri ilə təmin etmiş öz işinə sadiq minlərlə insanın, əsasən də Azərbaycanlı mütəxəssislərin inanılmaz zəhmətinin təcəssümüdür. Möhtəşəm fəaliyyətlərinə və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə bütün AÇG heyətinə, xüsusilə də əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm.

“BP-nin strategiyası bugünün enerji sistemlərinə – yəni AÇG kimi yataqların işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır. Operator kimi biz AÇG-nin qarşıdan gələn onilliklər ərzində də ölkəyə, Azərbaycan xalqına və tərəfdaşlarımıza töhfə verməsini təmin etmək üçün hökumət və SOCAR-la sıx işləmək öhdəliyimizə sadiqik.”

 



İqtisadiyyat