Qiymətli kağızlar bazarı ölkəyə 698 milyon dollar qazandırıb

post-img

Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2024-cü ilin 3-cü rübü üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə hesabat dövründə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının  profisitinin 4 milyard dollar təşkil etdiyini bildirib. O, daha sonra cari əməliyyatlar hesabının ­ÜDM-də payının 7,2 faizə yüksəldiyini, neft-qaz sektorunda həmin göstəricinin  11,1 milyard dollara çatdığını, qeyri–neft sektorunda isə 7,1 milyard dollar kəsir yarandığını vurğulayıb. 

Samir Nəsirov, eyni zamanda, üçüncü rübdə Azərbaycana göndərilən pul baratları həcminin 848,5 milyon dollar təşkil etdiyini, bu sahədə ilk beş ölkənin Rusiya ( 411 milyon dollar), Türkiyə (130 milyon dollar), ABŞ (48 milyon dollar), Gürcüstan (27 milyon dollar) və BƏƏ (26 milyon dollar) olduğunu bildirib. Respublikamızdan xaricə isə 408 milyon dollar (Türkiyəyə 118 milyon dollar, ABŞ-yə 45 milyon dollar, Rusiyaya 41 milyon dollar, Gürcüstana 36 milyon dollar)  məbləğində köçürmələr olub.

Brifinqdə  yanvar–sentyabr aylarında idarə, müəssisə və təşkilatların qiymətli kağızlar bazarından 698 milyon dollar gəlir əldə etdiyi, bunun 207 milyon dollarının üçüncü rübün payına düşdüyü diqqətə çatdırılıb. 

Cari ilin üçüncü rübündə Azərbaycanın neft–qaz və qeyri–neft–qaz sektoruna, ümumilikdə, 4,5 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb, ölkəmizdən kənara qoyulan birbaşa xarici sərmayələr isə 1,4 milyard dollara (2023-cü ilin eyni dövründə 998 milyon dollar) bərabər olub. 

Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 milyon dollar, Türkiyəyə 175 milyon dollar, Gürcüstana 96 milyon dollar, Birləşmiş Krallığa 87 milyon dollar və Özbəkistana 78 milyon dollar təşkil edib.

İqtisadiyyat