Ölkəmizdə iri neft-qaz layihələrinin operatoru olan BP şirkəti bir sıra sosial təşəbbüslərlə də çıxış edir. Şirkətin sosial sərmayələri isə yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
Bugünlərdə isə BP-Azərbaycan şirkəti xalqımızın müxtəlif nəsillərini təmsil edən incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri yaratdıqları seçilmiş sənət əsərlərindən ibarət kitab-albomu nəfis şəkildə çap etdirib.
Azərbaycan Milli İncəsənət Muzeyində həmin sənət incisinin və vebsaytın təqdimatına həsr olunmuş mərasimi giriş sözü ilə “BP-Azərbaycan”ın şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı açaraq layihənin təmsil etdiyi qurumun Azərbaycanın zəngin mədəni irsinin təbliğinə verdiyi davamlı dəstəyin bir hissəsi olduğunu bildirdi. Onun sözlərinə görə, kitabda Azərbaycanın ecazkar sənət aləminin parlaq, rəngarəng və çoxşaxəli özəlliklərini ən yaxşı təmsil edən sənətkarlar və onların yaradıcılığı əhatə olunub.
Qeyd olundu ki, Azərbaycan, ingilis və rus dillərində nəşrə hazırlanmış kitab-albomda təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltəraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12 min əsərlik yaradıcılıq kolleksiyasından seçilib. Ümumilikdə, bu nəşr Azərbaycan milli rəssamlıq məktəbinin dünya şöhrətli korifeyləri ilə yeni, istedadlı gənc nəslini bir araya gətirmiş qiymətli sənət toplusudur.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında təmsil etdiyi şirkətin Azərbaycanın neft-qaz sektorunda uğurla fəaliyyət göstərməsi ilə yanaşı, sosial, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə də mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırdı: “İlk dəfə olaraq Azərbaycanın möhtəşəm yaradıcılıq sənətinin böyük ustadları – Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad Mircavadov, Əşrəf Murad, Rasim Babayev, Böyükağa Mirzəzadə, Ömər Eldarov, Lətif Kərimov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər görkəmli sənətkarlarla yüksələn gənc istedadları bir yerə toplamış bu unikal incəsənət kitabını təqdim etməkdən qürur duyuruq. Bu kitab bir daha “incəsənət” sözünün təcəssüm etdirdiyi yaradıcılıq, təxəyyül və ilhamın simvolik gücünü vurğulayır. BP şirkəti Azərbaycanın həm dünya şöhrətli, həm də inkişaf etməkdə olan yaradıcılıq sənətinin təbliğinə töhfə verməkdən qürur duyur.”
Tədbirdə çıxış edən digər natiqlər unikal kitab-albomu incəsənətimizin təbliğinə, sənət fədailərimizin ölməz ruhlarına verilən yüksək qiymətin nəticəsi kimi dəyərləndirdilər. Qeyd olundu ki, bu sənət toplusu müvafiq incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də bütün sənətsevərlərə BP-nin hədiyyəsidir.
Xatırladaq ki, Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən icra olunan kitab-albomun nəşrini, eləcə də vebsaytın hazırlanmasını əhatə edən layihə 85 min 300 manata başa gəlib. Ümumilikdə isə, BP şirkəti ölkəmizdə fəaliyyət göstrədiyi 32 il ərzində özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından sosial sərmayə proqramına, təqribən, 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.