Yaxın 3 il ərzində xam pambığın innovativ və daha səmərəli emal olunması üçün yeni zavodlar tikiləcək. Bu barədə məlumat verən “Prime Cotton” şirkətinin baş icraçı direktoru Rövşən Mahmudov deyib ki, yeni emal prosesinə keçid nəticəsində tayalarda yığılan pambığın keyfiyyətinin itirilməsinin qarşısı alınacaq.
Son illər ölkəmizdə istehsal edilən xam pambığın 75 faizinin ixraca yönəldildiyini bildirən direktorun sözlərinə görə, tekstil sənayesinin inkişaf etdirilməsi iplik və tekstil fabrik və zavodlarının fəaliyyətinin genişləndirilməsinə səbəb olacaq. “Belə olduğu təqdirdə biz xam pambığın mahlıc kimi satışını dayandırıb daxili bazara yönəldə bilərik. Bu isə ölkənin tekstil sənayesinin inkişafına müsbət təsir edəcək və yeni iş yerlərinin açılmasına şərait yaradacaq”, – deyə o əlavə edib.
Rəhbərlik etdiyi müəssisədə 6,5 minə yaxın iş yerinin yaradıldığını, hətta mövsüm ərzində bu rəqəmin 9 minə çatdığını diqqətə çatdıran R. Mahmudov onu da deyib ki, gələcəkdə iş yerlərinin sayının daha da artırılması nəzərdə tutulur. Bu da öz növbəsində həm ölkə iqtisadiyyatı, həm də regionların inkişafı üçün çox səmərəli olacaq.