“Şahdəniz” yatağı – Xəzərin zəngin qaz xəzinəsi

post-img

9 ayda dənizin dibindən 20 milyard kubmetr qaz və 3 milyon tondan çox kondensat çıxarılıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən dünya səviyyəli “Şahdəniz” yatağı uzun illərdir ki, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə, ölkəmizin potensial qaz tədarükçüsü kimi rolunun artmasına xidmət edir. XXI əsrin ən böyük enerji marşrutu sayılan Cənub Qaz Dəhlizi ilə Avropaya göndərilən qaz həcmlərinin artırılması isə “Şahdəniz” layihəsi səhmdarlarının səmərəli fəaliyyətindən asılıdır.

“BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 1 milyard 780 milyon dollar, əsaslı məsrəflərinə isə 582 milyon dollar xərclənib. Həmin vəsaitin böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf edilib.

İlin ötən dövründə təbii qazın “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib.

Məlum olduğu kimi, zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü təxminən 80,7 milyon (ildə 29,5 milyard kubmetrdən artıq) kubmetr təşkil edir. Bu ilin doqquz ayında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından, ümumilikdə, təqribən 20 milyard kubmetr qaz və 3 milyon tondan artıq kondensat çıxarılıb.

“Şahdəniz” yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Layihə çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasrukturdur. Təxminən, 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi daxildir.

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci il iyulun 30-da başlanıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını işlənməyə daxil ediblər.

2024-cü ilin üçüncü rübündə sözügedən layihə çərçivəsində işlər yatağın şərq-şimal cinahından 3-cü quyunun istismara daxil edilməsi istiqmətində davam etdirilib. Bununla yanaşı, “Xankəndi” sualtı tikinti gəmisinin köməyilə hazırda istismarda olan bütün “Şahdəniz-2” və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verilib. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq “Xankəndi” dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur. Bu da BP və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir. Bütövlükdə isə, ilin ötən dövründə “Xənkəndi” gəmisinin əsas iş həcmi məhz “Şahdəniz-2” layihəsi ilə bağlı olub. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanıb.

Bu ilin üçüncü rübündə “Şahdəniz Alfa” platformasının qazma qurğusunda aparılan profilaktik işlər səbəbindən yeni quyu qazılmayıb. Bununla belə, “İstiqlal” və Heydər Əliyev qazma qurğuları “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. “İstiqlal” qazma qurğusu yatağın şərq-şimal cinahında SDH02 quyusu və qərb-şimal cinahında SDF02 quyusu üzərində işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə yatağın qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib. Ümumilikdə isə, ötən müddətdə “Şahdəniz-2” çərçivəsində 21 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şimal, 4-ü qərb, 4-ü şərq-cənub, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qazılıb.

Bununla yanaşı, “Şahdəniz” müqavilə sahəsində Heydər Əliyev yarımdalma qazma qurğusu vasitəsilə qazılmış SDX-8 kəşfiyyat quyusunun hədəflədiyi laylardan 2023-cü ildə əldə olunmuş məlumatların təhlili cari ilin ötən dövründə davam etdirilib. Bundan da məqsəd hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirməkdir.

“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. Cari ilin üç rübü ərzində terminaldan, həmçinin gündəlik orta hesabla, təxminən, 74 milyon kubmetr “Şahdəniz” qazı göndərilib.

Məlum olduğu kimi, Səngəçal terminalındakı mövcud qurğular qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə ötürür. Bu ilin 9 ayında Cənubi Qafqaz boru kəmərinin əməliyyat tədbirlərinə təqribən 60 milyon dollar, əsaslı məsrəflərinə isə 13 milyon dollar xərclənib.

Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alıcılara daha çox qaz çatdırmaq məqsədilə kəmərin imkanları xeyli genişləndirilib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. Bu ilin 9 ayı ərzində Cənubi Qafqaz boru kəmərinin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 milyon kubmetr təşkil edib.

 

İqtisadiyyat