İqlim dəyişikliyi kimi mürəkkəb problemləri tam həll etmək heç bir millətin tək başına bacara biləcəyi iş deyil. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) kosmos əsaslı texnologiyalardan istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üçün millətlər və təşkilatlar arasında əməkdaşlığı təşviq edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29 çərçivəsində keçirilən Kosmik Liderlərin Sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, ICESCO olaraq onlar üzv dövlətləri ilə birlikdə innovasiyanı, elmi əməkdaşlığı və dayanıqlı inkişafı təşviq etməyə sadiqdirlər.
“Bu gün biz kosmik araşdırmaların yeni dövrünün astanasındayıq, elm və texnologiyada diqqətəlayiq irəliləyişlər görürük. Peyk texnologiyaları vasitəsilə ətraf mühitin monitorinqi bizim fəaliyyətlərimizin mərkəzindədir. Kosmik agentlikləri əməkdaşlıq edərək meşələrin qırılması və səhralaşma kimi ətraf mühit dəyişikliklərinin qarşısını almağa çağırırıq”, - deyə o qeyd edib.