Bakıda “SAP Discovery Day Baku” forumu keçirilib

post-img

Bakıda “SAP Discovery Day Baku 2024” forumu keçirilib.

Tədbiri giriş sözü ilə açan “SAP Se” şirkətinin baş vitse-prezidenti İqor Kurkov “SAP Discovery Day Baku” forumunda yeni tendensiyaların, biznes proseslərin transformasiyaya yanaşmalarının və müxtəlif layihələrin icrası təcrübəsinin müzakirə olunacağını qeyd edib. Azərbaycanın və digər ölkələrin 500-dən artıq aparıcı şirkətinin rəhbər və mütəxəssisləri tədbirdə iştiraka dəvət olunub.

“Dəyişən bazar şəraitində biznesinizi daha da effektli etməkdən ötrü ən yaxşı strategiyalarla və təcrübələrlə tanış olmaq fürsətini əldən buraxmayın. Bizim “Cloud ERP” platformamız bizi rəqiblərimizdən üstün edir. Biz, sadəcə, innovasiya və genişlənməyi məqsəd kimi qoymuş şirkətlərə hədəflənmişik. “Enterprise Resource Plannning System” (ERP) müəssisə resurslarının planlaşdırılması üçün nəzərdə tutulan bir sistemdir. Həmçinin hesabatlar, satınalmalar, layihələrin idarə edilməsi, risklərin idarə edilməsi və istehsalat kimi gündəlik fəaliyyətə nəzarət etmək üçün istifadə edilən sistem və proqram təminatı paketidir. Bu cür proqram təminatının əsas mahiyyəti şirkətin bütün şöbələrini və biznes proseslərini bir bazaya cəmləyərək vahid bir sistem vasitəsilə idarə edilməsidir. ERP sistemləri bir-birinə bənzəyir, bir çox biznes proseslərini müəyyən edir və onlar arasında məlumatların axınını təmin edir. Bir təşkilatın birdən çox qaynaqdan paylaşılan əməliyyat məlumatlarını toplayaraq, ERP sistemləri məlumatların təkrarlanmasını aradan qaldırır və məlumatların bütövlüyünü “tək həqiqət mənbəyi” (single source of truth) ilə təmin edir. ERP sistemlərinin şirkətlərdə tətbiqi effektivliyi, data təhlükəsizliyini, əməliyyat rahatlığını artırır, əməkdaşlığı inkişaf etdirir, dəqiq proqnozlar verməyə imkan verir, əməliyyat xərclərini azaldır və s. Nəticədə, “big data” və ERP birləşməsi hazırda biznes qərarlarının daha yaxşı, məhsuldar olması, ERP məlumatlarının əksəriyyətini əldə etmək üçün istifadə edilir. ERP sistemləri bir sıra sahələrdə minlərlə işi idarə etmək üçün çox vacibdir. Bu forum iştirakçıları data, suni intellekt və bizim ümumi şirkət strategiyamız barədə vacib məlumatlar əldə edəcəklər”, - deyə İqor Kurkov əlavə edib.

“SAP Az”ın baş direktoru Anar Əliyev iştirakçıları forumun tarixi, rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə tanış edib. O, rəqəmsallaşma və şirkətlərin inkişaf təcrübəsi, o cümlədən “SAP S/4Hana” flaqman həllər bazasında təcrübəsi ilə bölüşən SAP müştərilərinin çıxışının tədbirin gündəliyinə daxil edildiyini bildirib. Eləcə də müştəri təcrübəsində, logistikada, maliyyədə, texniki xidmətdə, personalda və digər proseslərdə idarəetmənin aktual məsələlərinə toxunan müxtəlif biznes istiqamətlərinin liderləri ilə canlı diskussiyaların aparılacağının, regionda biznesin inkişaf perspektivləri, SAP-ın yaratdığı və təqdim etdiyi son innovasiyalar barədə ekspertlərin şərhlərinin də tədbirin gündəliyinə daxil edildiyini vurğulayıb. SAP şirkəti Azərbaycana çox böyük yatırımlar edir, ekosistemi dəstəkləyir və genişləndirir, həmçinin bulud həlləri innovasiyalarını təşviq edir.

“SAP 15 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və bizim 50-dən çox müştərimiz var. Korporativ tətbiqlər və biznes üçün süni intellekt sahəsində qlobal lider olan SAP biznes və texnologiya arasında güclü əlaqə təmin edir. 50 ildən çoxdur ki, bütün növ təşkilatlar maliyyə, satınalma, insan resursları, təchizat zənciri və müştəri təcrübəsi kimi sahələrdə kritik biznes əməliyyatlarının bütün potensialını açmaq üçün SAP-a müraciət edir. Misilsiz SAP R/2 və SAP R/3 sistemlərini istehsala buraxmaqla SAP müəssisə resurslarının planlaşdırılması (ERP) proqram həllərində dünya standartını təyin etdi. Bu gün şirkət yeni nəsil ERP sistemi olan “SAP S/4Hana” təklif edir. O, böyük həcmdə məlumatı emal etmək üçün yaddaşdaxili hesablamalardan istifadə edir, həmçinin süni intellekt (AI) və maşın öyrənməsi kimi qabaqcıl texnologiyalara dəstək verir. Şirkətin inteqrasiya olunmuş tətbiqləri biznesin bütün aspektlərini tam rəqəmsal platformada vahid, ağıllı paketləşdirilmiş həlldə birləşdirir və köhnə proses mərkəzli platformaları əvəz edir. Bu gün SAP-ın 230 milyondan çox bulud istifadəçisi var, hər bir biznes funksiyasını əhatə edən 100-dən çox həllə və bazarda ən böyük bulud həlləri portfelinə malikdir”, - deyə baş direktor qeyd edib.

Daha sonra tədbirdə mükafatlandırma mərasimi baş tutub. SOCAR şirkətinin vitse-prezidentinin müavini Ziya Mürsəlzadəyə Azərbaycan Dövlət Neft Şirkətinin layiq görüldüyü “The Biggest ever” mükafatı təqdim olunub.

Bundan sonra, “Azərsun” şirkətinin nümayəndəsi Hakan Figenliyə “Sustainable growth” mükafatı təqdim olunub. "Veysəloğlu" şirkətlər qrupunun Rəqəmsal Transformasiya rəhbəri Anar Allahverdiyev, “Mətanət A” və "Agrodiary" şirkətlərinin nümayəndələrinə “Rise First” mükafatları təqdim olunub. Sonra SMTS şirkətinin nümayəndəsi Ağalar Allahyarova “Grow First” mükafatı təqdim olunub. Forumun davamında SAP-ın Mərkəzi və Şərqi Avropa üzrə texniki direktoru Mohamed Abdel Hadi “SAP: sehrin sizin bizneslə görüşdüyü yer” adlı təqdimatla çıxış edib.

“SAP Discovery Day Baku 2024” tədbirinin xüsusi qonağı məşhur səyahətçi və yaxtaçının oğlu, atasının yolunu davam etdirən səyyah Oskar Konyuxov çıxışında bildirib ki, 2023-cü ildə tanınmış səyyah Fyodor Konyuxov günəş enerjisi ilə işləyən katamaranla Sakit okeanı ilk dəfə təkbaşına keçib. İndi onun varisi günəş enerjisi ilə işləyən katamaranla Xəzər dənizində monitorinq aparmağı planlaşdırır: “2025-ci ildə biz ilk günəş enerjisi ilə işləyən katamaranı Bakıya gətirməyi planlaşdırırıq. Əsas vəzifə Xəzər dənizini keçmək və dənizin mikroplastiklə çirklənmə dərəcəsini öyrənməkdir”.

Forum çərçivəsində “Keyfiyyətə nəzarət və layihənin uğuru üçün SAP xidmətləri”, “SAP S/4HANA Cloud Public Edition ilə biznes proseslərinin transformasiyası”, “Şirkətin liderlik potensialını inkişaf etdirmək üçün texnologiyaların tətbiqi”, “Növbəti nəsil ERP ilə Xəzərin böyüməsini gücləndirmək”, “SAP Signavio ilə biznes transformasiyasını necə sürətləndirmək olar”, “Müəssisə Performansının İdarə Edilməsinin Gələcəyinin Formalaşdırılması: Məlumata əsaslanan qərar qəbulu üçün SAP BTP-dən istifadə”, “Aribada xərclərin idarə edilməsi: yeni imkanlar” və “SAP IBP həqiqətən inteqrasiya olunmuş biznes planlaması üçün bir vasitə kimi” mövzularda təqdimatlar keçirilib.





İqtisadiyyat