Vergiödəyiciləri 6 faiz artıb

post-img

Dövlət Vergi Xidmətindən aldığımız məlumata görə, bu ilin 9 ayında respublika üzrə uçotda olan 1 milyon 576 min 898 vergiödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,6 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz çoxalıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 8 faiz artaraq 186 min 247-ə yüksəlib.

Bildirilir ki, yanvar-sentyabr aylarında 10 min 194 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli, 10,7 faizi xarici investisiyalı müəssisə olub.

Hesabat dövründə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində fəal ƏDV ödəyicilərinin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi isə 32,2 faiz təşkil edib. Bu dövr ərzində dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.

İqtisadi fəallıq, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahələrdə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib. ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım isə fiskal nöqteyi-nəzərindən xüsusilə aktualdır.

Son illər vergi qanunvericiliyi, istərsə də Vergi Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Sahibkarlıq assosiasiyaları, sahibkarların ictimai birlikləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində intensiv iş aparılıb. Həm qanunvericilikdə olan son dəyişikliklər, həm də perspektiv dəyişikliklər sahibkarların ictimai birlikləri ilə, sahibkarları təmsil edən assosiasiyalarla mütəmadi müzakirə olunub.

Dövlət Vergi Xidməti qarşıda duran əsas hədəflərə və iqtisadi sistemin yeni çağırışlarına uyğun olaraq təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsiplərinə söykənən rəqəmsal platformanı təkmilləşdirməkdə davam edir. Vergi sistemində rəqəmsallaşma səviyyəsi və rəqəmsal inzibatçılıq daha da təkmilləşir. Sayı davamlı şəkildə artan fəal vergi ödəyicilərinə münasibətdə effektiv nəzarətin qurulması yalnız bu yolla mümkündür. Bu baxımdan, vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılmaqdadır.

Beynəlxalq təcrübəyə uyğun olaraq, vergi qanunvericiliyinə bir sıra yeniliklər daxil edilib. O cümlədən müxtəlif vergidən yayınma sxemlərinin tətbiqinin qarşısının alınması, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, həmçinin avtomatik məlumat mübadiləsinin genişlənməsi və emalın daha səmərəli aparılması, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, inzibati yardım üzrə digər formatların tətbiq edilməsi, müqavilələrin tətbiqi ilə bağlı proseslərin rəqəmsallaşdırılması ilə bağlı beynəlxalq standartlar qanunvericiliyə daxil edilib. Xüsusilə də, İqtisadi

Əməkdaşılıq və İnkişaf Təşkilatının təşəbbüsü ilə dünyanın 60-dan çox ölkəsinin, o cümlədən Azərbaycanın da qoşulduğu “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi”layihəsi ilə bağlı qanunvericilikdə yeniliklər mövcuddur.

 

İqtisadiyyat