Bu ilin yanvar–sentyabr aylarında pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 130 milyon 574 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 9 ay ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 16 milyon 463 min manatdan çox olub.