Ticarət evimiz hər il Belarusa 1 milyon dollarlıq mal satır

post-img

“Azərbaycan Ticarət Evi” MMC-nin təsisçisi Vasif İsmayılovun əməkdaşımıza bildirdiyinə görə, rəhbərlik etdiyi qurum 2017-ci ildə fəaliyyətə başlayıb və Belarusa göndərilən məhsullarla bu ölkənin bazarında geniş alıcı rəğbəti qazanıb. O əlavə edib ki, Ticarət evi Belarusun ticarət şəbəkələri ilə məhsul ixracı haqqında çoxsaylı müqavilələr imzalayıb. V.İsmayılov daha sonra hazırda Belarusun bütün mağazalarında Azərbaycan malları satıldığını, hər il bu ölkəyə 1 milyon dollarlıq mal göndərildiyini vurğulayıb.

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə sahəsi 540 kvadratmetr olan Ticarət evinin ekspozisiyası ilə tanış olub. Burada respublikamızın 20-dən çox müəssisəsinin məhsulları nümayiş etdirilir. Çeşidlərə şərab, konyak, çay, şirə, konserv, kabel məhsulları, xalça, ipək, tekstil və kosmetika daxildir.

İqtisadiyyat