Prezident İlham Əliyev Cəbrayıla səfəri çərçivəsində rayonun Soltanlı kəndində “Hicaz quşçuluq” damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.
Müəssisənin təsisçisi Səfər Sadıqov dövlət başçısına fabrikin damazlıq yumurta, inkubator və yem sahələrini əhatə edəcəyini, birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 obyektin istifadəyə veriləcəyini, burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal olunacağını bildirib.
S.Sadıqovun sözlərinə görə, bütün bunlarla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin daha 2 hektar ərazidə isə soyuducu anbar və inkubasiya fabriki tikiləcək.
İstehsal prosesində müasir avadanlıqlardan istifadə ediləcək. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilən laboratoriya da fəaliyyət göstərəcək. Layihə üzrə 150 daimi iş yeri yaradılacaq.