Bu il İtaliya ölkəmizdən 9,6 milyard kubmetr qaz alacaq

post-img

Energetika naziri Pərviz Şahbazov Braziliyaya səfəri çərçivəsində İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini və Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə də görüşüb.

Energetika Nazirliyindən aldığımız məlumata görə, italiyalı nazirlə görüşdə Dövlət Neft və “Eni S.P.A” şirkətləri əməkdaşlığının genişləndirilməsi, TAP layihəsinin ötürücülük gücünün artırılması, “Xəzər–Qara dəniz–Avropa” dəhlizinin texniki–iqtisadi əsaslandırılması və bərpaolunan enerjinin ixrac imkanları kimi məsələlər müzakirə edilib.

Görüşdə, eyni zamanda, bu il İtaliyaya 9,6 milyard kubmetr qaz ixracının gözlənildiyi bildirilib. “Yaşıl” enerji dəhlizi” layihəsi üzrə proseslərin cari vəziyyətindən, layihənin texniki-iqtisadi əsaslandırmasına Bolqarıstanın da daxil edilməsindən bəhs edilib. Serbiya və İtaliyanın da bu layihəyə qoşulma perspektivləri dəyərləndirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub.

Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşdə isə “Hidrogen Bəyannaməsi”nin COP29 Sədrliyinin enerji təşəbbüslərindən biri olduğu, ölkəmizdə hazırda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumatlar verilib. COP29-da hidrogen mövzusunda tədbirlərdə iştirak və əməkdaşlıq imkanları müzakirə edilib, iqlim konfransının uğurlu nəticə əldə etmək üçün Hidrogen Şurasının maraqlı dairələrin cəlbi istiqamətində dəstəyi təklif olunub.

İqtisadiyyat