Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ-nin “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair razılaşma əldə olunub. Bununla bağlı sazişi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.
Sənəd Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağının qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.
Xatırladaq ki, “Günəşli” yatağı Bakı şəhərindən 120 kilometr şərqdə, “Neft Daşları” yatağından isə 12 kilometr cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Günəşli” qırışığı “Çilov-Neft Daşları” antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda suyun dərinliyi 80 metrdən 300 metrədək dəyişir. Yatağın uzunluğu 12,5 kilometr, eni 4 kilometrdir. Ötən müddətdə burada, ümumilikdə, 370 quyu qazılıb ki, hazırda onlardan 279-u istismardadır. İşlənmənin əvvəlindən həmin quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə) və 127 milyard kubmetrdən çox qaz hasil olunub.
“Günəşli” yatağında (dayaz sulu hissəsi) maksimal hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Burada maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard kubmetr olub. Hazırda işlənmənin 3-cü mərhələsində olan “Günəşli” yatağının dayaz sulu hissəsi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-Qazçıxarma İdarəsi tərəfindən istismar olunur.