Aqrar sahənin ixrac imkanları genişlənir

post-img

7 ayda xarici ölkələrə 540 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları satılıb

Bu ilin 7 ayında ölkəmizdə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz ar­tıb. Artım daha çox bitkiçilik və heyvandarlıq sahələrində nəzərə çarpıb. Müqayisə olunan dövrdə bitkiçilikdə 0,2 faiz, heyvandarlıq­da isə 1,5 faiz artım qeydə alınıb. 

Bundan əlavə, yanvar – iyul aylarında kənd təsərrüfatı məhsullarının ümumi is­tehsal həcminin dəyəri 7,5 milyard manat təşkil edib ki, bunun da 48,9 faizi heyvan­darlıq sahəsinin, 51,1 faizi isə bitkiçilik sahəsinin payına düşüb. Hesabat dövründə kənd təsərrüfatı, meşə və balıqçılıq sahələ­rində yaradılan əlavə dəyər isə Ümumi Daxili Məhsulun 6 faizini təşkil edib. 

Hazırda aqrar sektorda ixracyönümlü və rəqabətədavamlı kənd təsərrüfatı məh­sullarının istehsalının dövlət tərəfindən dəstəklənməsi, bu sahənin inkişafına sub­sidiyaların ayrılması məhsulların xarici ba­zarlara ixracının artmasını gerçəkləşdirir. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqat­lar Mərkəzinin direktor müavini Namiq Şalbuzovun mediaya bildirdiyinə görə, cari ilin 7 ayında Azərbaycandan xarici ölkələrə 540 milyon ABŞ dolları dəyərində (ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox) kənd təsərrüfatı və emal məh­sulları ixrac olunması da vurğulanan fikrin bariz ifadəsidir. Kənd təsərrüfatı məhsul­larının ixrac həcminin 8,5 faiz artması isə ixrac dinamikasının növbəti aylarda da davam edəcəyini deməyə əsas verir. Xü­susilə də, əsas ixrac məhsullarından olan fındıq, xurma, nar, alma və digər meyvələ­rin yığım dövrünün hələ qarşıda olduğunu nəzərə alsaq, ixrac göstəricilərinin daha da artacağını əminliklə söyləmək olar. 

Namiq Şalbuzovun sözlərinə görə, hesabat dövründə respublikadan xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məh­sulları sırasında pomidor, xurma, tütün xammalı, pambıq məhsulu xüsusi yer tu­tub. Cari ilin yanvar–iyul aylarında xarici bazarlara pomidor ixracının məbləğində 12,2 faiz, xurmada 1,9 dəfə, tütün xamma­lında 4,5 dəfə, pambıq mahlıcında 1,6 dəfə artıb qeydə alınıb.

Cari ilin yanvar–iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çə­kidə ət istehsalının 1,3 faiz, südün 0,5 faiz, yumurtanın 6,2 faiz, şəkər çuğundurunun 2,4 dəfə, meyvə və giləmeyvənin 5,1 faiz, bostan məhsullarının 10,3 faiz və tərəvəz məhsulları istehsalının 0,2 faiz artması isə ölkədə aqrar sektora dövlət dəstəyinin diqqətdə saxlanılmasının nəticəsidir. 

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini daha sonra bildirib ki, qlobal iq­lim dəyişikliklərinin bütün dünyada oldu­ğu kimi, ölkəmizin də kənd təsərrüfatına mənfi təsirləri artmaqdadır. Buna rəğmən dayanıqlı əkinçilik praktikasının tətbiqinin ildən-ilə genişləndirilməsi, torpaq və su resurslarından səmərəli istifadənin dövlət dəstəyi mexanizmləri hesabına artırılması iqlim dəyişikliklərinin kənd təsərrüfatına mənfi təsirini minimuma endirir. Xüsusilə də, subsidiyaların verilməsi, kənd təsər­rüfatı texnikalarının və damazlıq heyvan alışına dövlət tərəfindən güzəşt vəsaitinin ayrılması istehsalın daha təminatlı, xarici təsirlərə daha dözümlü formada təşkilinə öz töhfəsini verir.

Bütün bunlarla yanaşı, yanacaq və mo­tor yağlarının, mineral gübrələrin, pestisid­lərin, pambıq və şəkər çuğundurunun satı­şına, toxum və tinglərin istehsalına görə subsidiyaların ayrılması da aqrar sektorda dinamik inkişafı şərtləndirib. 

Son illər respublikada aqrar sahədə istehsal vasitələrinin əldə olunmasına tət­biq olunan güzəştlər də diqqət mərkəzində saxlanılıb. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərə­findən texnikanın ilkin dəyərinin 20 faizi ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilib. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və ava­danlıqların alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunub.

Hazırda ölkəyə idxal edilən, həmçi­nin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymə­tinin 60 faizi dövlət büdcəsi hesabına sub­sidiyalaşdırılır, lizinq yolu ilə güzəştli sa­tışı həyata keçirilir, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.

Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifa­dəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəltmək üçün Azərbaycan Respublikası Prezidenti­nin 2022-ci il iyulun 9-da imzaladığı “Ər­zaqlıq buğda ilə özünütəminetmə səviyyə­sinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexaniz­mi yaradılıb. Bu mexanizmə görə artıq cari ildən pivot suvarma tətbiq edilməklə isteh­sal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaq­lıq buğdaya görə məhsul subsidiyasının da ödənilməsinə başlanılıb. 

Aqrar sahəyə göstərilən dövlət dəstəyi­nin nəticəsi olaraq son illərdə texnika par­kının yenilənməsi və aqrotexniki xidmət­lərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyə­si artıb, kənd təsərrüfat sahəsinin infrast­ruktur və təchizat bazası genişlənib.

Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisa­di inkişafa dair Milli Prioritetlər”in təs­diq edilməsi barədə Sərəncamından irəli gələrək hazırlanan “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də dayanıqlı və rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsidir. Bu sənəddə müəyyənləşdirilən fəaliyyətlərin uğurlu icrası nəticəsində kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqa­bətqabiliyyətli aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatında məhsuldarlıq artır, həmçinin yeni iş yerlərinin yaradılması da­vamlı xarakter alır.

İqtisadiyyat