Son illər Avropa məkanı təbii qaza olan tələbatının ödənilməsində ölkəmizi əsas tədarük bazarı kimi görür. Bu isə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti sayılan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsini, eləcə də yeni interkonnektorların tikintisini labüd edir. Artıq gələn aydan etibarən TAP-ın genişləndirilməsi çərçivəsində infrastruktur işlərinə başlanılacaq.
Bu barədə sözügedən kəmərin operatoru olan TAP AG boru kəməri şirkəti məlumat yayıb. Qeyd olunub ki, işlərin aparılması TAP-ın Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşdiyi Yunanıstan – Türkiyə sərhədindəki Kipoidə planlaşdırılır. Məlumata əsasən, boru kəmərinin tutumunu ildə 1,2 milyard kubmetr artırmaq üçün 2021-ci ildə məcburi bazar sınaqlarının birinci mərhələsi uğurla başa çatdıqdan sonra TAP-ın genişləndirilməsi layihəsi çərçivəsində sentyabrın 19-dan 30-dək Kipoi birləşmə nöqtəsində infrastruktur işləri planlaşdırılıb.
Bu müddət ərzində TAP AG şirkəti birləşmə nöqtələrində mövcud imkanlardan maksimum istifadə etməyi, eyni zamanda ağıllı və ehtiyatlı operator kimi çıxış etməyi planlaşdırır. “Bununla əlaqədar, sentyabrın 17-dən oktyabrın 1-dək gözlənilən Kipoinin texniki imkanları sutkada 349 milyon 887 min 515 kilovat-saat, Melenduqno birləşmə nöqtəsində isə sutkada 290 milyon 866 min 796 kilovat-saat təşkil edəcək. Hazırda TAP-a birləşmə nöqtələrində tutum məhdudiyyəti yoxdur”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək kəmərin illik ötürücülük gücünü 10 milyard kubmetrdən əlavə olaraq 1,2 milyard kubmetrə artırmaq barədə öhdəlik götürüb. TAP AG-nin icraçı direktoru Luka Skiepatti deyib ki, bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Yeri gəlmişkən, şirkət rəhbəri əvvəllər mətbuata verdiyi açıqlamasında bildirmişdi ki,TAP-ın ötürmə gücü mərhələlərlə artırıla bilər və son nəticədə illik ən azı 20 milyard kubmetrə çatdırılacaq. Onun sözlərinə görə, layihənin büdcəsi təxminən 132 milyon avrodur. Genişləndirmənin ilk mərhələsi çərçivəsində Kipoidakı mövcud kompressor stansiyasına daha bir kompressor qurğusu əlavə ediləcək və avadanlıq yenilənəcək.
Yeri gəlmişkən, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən Trans-Adriatik Qaz Boru Kəməri layihəsi 11 il əvvəl həyata vəsiqə alıb. Kəmərin tikintisi 2020-ci ilin oktyabrında başa çatdırılıb. TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə isə 2020-ci il dekabrın 31-dən başlanılıb. Bununla da, ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağa nail olub. Eyni zamanda, dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan, həm də öz ixrac imkanlarını şaxələndirmək imkanı əldə edib.
Xəzər regionu ilə Avropa qitəsi arasında vacib enerji körpüsü rolunu oynayan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP kəməri Azərbaycanı Avropa İttifaqının mötəbər enerji tərəfdaşına çevirib. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən 3 il yarım ərzində sözügedən kəmərlə 37,53 milyard kubmetrdən çox qaz nəql olunub. Onun da 31,33 milyard kubmetri İtaliyaya, 3,63 milyard kubmetri Yunanısta, 2,29 milyard kubmetri isə Bolqarıstana tədarük edilib.
TAP öz fəaliyyətini cari ilin ötən dövründə də uğurla davam etdirib. Energetika Nazirliyinin məlumatına görə, bu ilin 7 ayı ərzində Azərbaycandan xaricə qaz satışı, təxminən, 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. “Mavi yanacağ”ın təqribən 7,5 milyard kubmetri (13,6 faiz artım) məhz TAP vasitəsilə Avropaya ixrac olunub.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Trans-Adriatik Boru Kəməri Azərbaycan qazının böyük bazarlara çıxarılmasını təmin edən infrastrukturdur. TAP-ın ərsəyə gəlməsində ölkəmizin çox böyük rolu olub. 2013-cü ildə boru kəmərinin tikintisi ilə bağlı imzalanmış müqavilənin iştirakçıları olan təsisçi şirkətlərin 60 faizinin məhz Azərbaycandakı hasilatçıların təşkil etməsi də bunu təsdiqləyir. Hazırda TAP-ın ötürücülük gücü 11,8 milyard kubmetrdir. Bu gücə daxili resurslar hesabına nail olunub.
Qeyd etmək istəyirəm ki, Avropa İttifaqının qaz hasilatının artırılması, Cənub Qaz Dəhlizinin genişləndirilməsi kimi layihələrə investisiya yatırmaq, ucuz kreditləşməyə şərait yaratmaq niyyətində olmadığını anlayan rəsmi Bakı başqa yol seçib. Məlum olduğu kimi, bu ilin iyununda SOCAR-la Türkiyənin BOTAŞ şirkəti ilə bir neçə müqavilə imzalanıb. Onlardan biri də həm Azərbaycanın, həm də üçüncü ölkənin qazının Türkiyə ərazisindən tranzit nəqlinə dair olub.
Sonradan açıqlanan məlumatlar göstərdi ki, müqavilə Türkiyə üzərindən qazın Türkiyə–Bolqarıstan interkonnektoru vasitəsilə nəqlini nəzərdə tutur. Bu interkonnektorun hazırda nəql gücü ildə 3,5 milyard kubmetrdir. Artıq Azərbaycan öz qazının bir hissəsini bu kəmərlə Avropaya nəql edir. Ona görə də Azərbaycan Energetika Nazirliyinin Avropaya qaz ixracına dair göstəriciləri ilə TAP-la nəql həcminə dair göstəricilər arasında fərq yaranır. Artıq həmin fərq 500–600 milyon kubmetrə çatıb. Bu fərq o deməkdir ki, biz alternativ yolla Avropaya qaz ixracını həyata keçirməyə başlamışıq. Bu addım bizə əlavə xərc çəkmədən Avropaya qaz nəqlini artırmaq, qaz ixracı coğrafiyasını genişləndirmək imkanı yaradır.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, 2027-ci ilədək Azərbaycan Avropaya qaz nəqlini minimum 16 milyard kubmetrə çatdıracaq. Məlumdur ki, 2026-cı ilin sonunadək TAP-ın ötürücülük gücü 13 milyard kubmetrə çatdırılacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz məhsulunu əlverişli bazarlara çıxarmaq üçün imkanlar əldə etməkdə çətinlik çəkmir. Bir məsələni də vurğulamaq lazımdır ki, Avropaya ixracın artması ucuzlaşma nəticəsində qaz satışından gəlirlərin azalmasını qismən kompensasiya edə bilir.