103 milyon manat ƏDV geri qaytarılıb

post-img

Cari ilin yanvar–iyul ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 103 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Dövlət Vergi Xidmətinin məlumatına əsasə, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin “ƏDV geri al” layihəsi çərçivəsində qaytarılan həcmi yanvar-iyul aylarında 11 milyon 169,2 min manat təşkil edib.

Bu dövrdə  ƏDV ödəyicilərinin sayı da artıb. Cari ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5 faiz artaraq 780,5 minə çatıb.

Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 209,1 min olub ki, bu da ilin əvvəlinə nisbətən müvafiq olaraq 9,2 faiz və 2,2 faiz çoxdur.

İqtisadiyyat