Ölkədə  5,88 min ton çay istehsal edilib

post-img

Azərbaycanda yaşıl çay istehsalı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkə üzrə 5,88 min ton məhsul yığılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 373,7 ton və ya 6,8 faiz çoxdur.

Cari il iyul ayının 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 95,8 ton təşkil edib. İlin ilk yarısında Azərbaycandan 3 milyon 123 min dollar dəyərində 345 ton çay  ixrac olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatı əsasında aparılan hesablamalara görə. çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 104,5 min dollar və ya 4 faiz miqdar ifadəsilə isə 10 ton və ya 3 faiz artıb. Xatırladaq ki, 2023-cü ilin ilk 6 ayında ölkəmizdən 3 milyon 18 min dollar dəyərində 335 ton çay ixrac olunmuşdu.

Bu ilin birinci yarısında Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15,40 manat təşkil edib. Əvvəlki ilin eyni dövründə isə bu rəqəm 15,33 manat olub. Yeri gəlmişkən, bu il ölkənin ümumi ixracının 0,02 faizi, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20 faizi çayın payına düşüb.

İqtisadiyyat