“Şorbulaq”da  filiz ehtiyatları araşdırılır

post-img

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən “Şorbulaq” filiz təzahürləri sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb. Bundan da məqsəd mövcud təzahürlərin ilkin ehtiyatlarının qiymətləndirilməsidir.

Qurumdan bildiriblər ki, axtarış-kəşfiyyat proqramına əsasən, burada ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılıb. Perspektivli zonaların qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi məqsədilə tədqiqatlarda qeyri-invaziv axtarış metodlarından olan hiperspektral peyk çəkilişlərindən istifadə edilir. Paralel olaraq arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması işləri də icra olunub. Cari il ərzində davam edəcək genişmiqyaslı axtarış-qiymətləndirmə işlərinin nəticəsinə uyğun olaraq növbəti tədqiqat mərhələsinə keçid, sahədə buruqqazma işləri ilə bağlı müvafiq qərarlar qəbul ediləcəkdir.

Xatırladaq ki, “Şorbulaq” təzahür sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu olan Levçay çayının hövzəsində yerləşir. Təzahür sahəsində qızıl, xrom və civə metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib.

Hazırda “AzerGold” QSC tərəfindən bir neçə istiqamət üzrə geoloji tədqiqatlar aparılır. QSC-nin idarə etməsinə verilən filiz sahələri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrası davam etdirilir. Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC tərəfindən mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi vacib tapşırıqlar icra edilir.

İqtisadiyyat