Qardaş ölkələrlə əməkdaşlıq Azərbaycana üstün imkanlar qazandırır
Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə son illərdə türk dövlətlərinin nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi, iqlim məsələlərinin həllinin diqqətdə saxlanılması, Orta Dəhlizin fəaliyyətə başlaması, habelə yükdaşımaların artırılması istiqamətində önəmli tədbirlər həyata keçirildiyini bildirib.
Ölkə rəhbəri, eyni zamanda, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işlərində Türk dünyasının fəal iştirak etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir”.
Xatırladaq ki, düşmən əsarətindən xilas edilən ərazilərimizdə dost Özbəkistan və Qazaxıstanın təşəbbüsü, habelə maliyyə dəstəyi ilə tikilən bir məktəb və bir incəsənət mərkəzi istifadəyə verilib. Bir məktəbin təməli bu yaxınlarda Qırğızıstan Prezidenti ilə dövlətimizin başçısı tərəfindən Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə bir məntəqənin inşasının Macarıstanın maliyyə dəstəyi ilə gerçəkləşdiriləcəyi nəzərdə tutulub.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında türk şirkətləri tərəfindən fəallıq göstərilir. Dövlət başçımızın vurğuladığı kimi, indi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti qardaş ölkənin şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə aparılır. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir.
Artıq 4 şəhər və 4 kənd bərpa edilib və məskunlaşma həyata keçirilib. Yeddi mindən çox keçmiş köçkünün öz dədə-baba torpaqlarına yaşayışı təmin olunub və bu ilin sonuna qədər həmin göstəricinin, təqribən, 20 minə çatacağı nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurda türk dövlətləri ilə birgə aparılan geniş quruculuq, abadlıq işləri bu bölgənin tezliklə dünyanın ən inkişaf etmiş coğrafiyalarından birinə çevriləcəyindən xəbər verir. Bütün bunlar həm də onu göstərir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sıx bağlılıq, möhkəm birlik var.
TÜRKPA-nın nümayəndə heyəti ilə görüşdə türk dövlətlətlərinin sıx bağlılığı, möhkəm birliyi barədə danışılarkən bildirilib ki, hazırda qarşıda çoxqütblü bir dövrün başlanğıcı diqqət çəkir: “Orta Asiya dediyimiz Özbəkistandan, Qazaxıstandan başlayan, Qafqazdan Anadoluya, oradan da Avropaya – ta Macarıstana qədər uzanan coğrafiyada təxminən 300 milyon türk yaşayır. Bu, böyük bir ehtiyatdır. Həm insan gücü baxımından, həm də yeraltı, yerüstü sərvətlər baxımından qeyri-adi böyük bir potensialdır. Türk dövlətlərinin bundan ən doğru şəkildə istifadə edərək yeni dünyada böyük bir güc mərkəzinə çevriləcəyi isə heç bir şübhə doğurmur”.
Yazının bu məqamında qeyd edək ki, TDT-nin 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli bir inkişaf yolu keçib. Ötən müddətdə sözügedən TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.
Yuxarıda xatırlatdıq ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına türk dövlətləri tərəfindən ilk gündən böyük diqqət göstərilib. Belə ki, Vətən müharibəsindən dərhal sonra qarşıya düşməndən təmizlənən torpaqlarda yaşayış məntəqələri salmaq, kənd təsərrüfatına yararlı sahələri minalardan təmizləyərək rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaq kimi önəmli bir vəzifə qoyulub. TDT ölkələrinin iş adamlarında dost təəssübkeşliyinə əsaslanaraq bu coğrafiyada investisiya imkanları ilə tanış olmaq və bu ərazilərdə ən yaxşı təcrübə və texnologiyaları tətbiq etmək marağı da buradan irəli gəlib.
Hazırda Azərbaycan dövlətinin gələcəyə yönələn əsas hədəfi işğaldan azad olunan əraziləri bərpa edərək həmin torpaqların dəyər zəncirinə inteqrasiyasını gerçəkləşdirməkdir. Bu gün düşməndən təmizlənən yaşayış sahələrində böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır. TDT-yə üzv ölkələr, xüsusilə, qardaş Türkiyə tərəfindən bu prosesdə fəal iştirak etmək diqqətdə saxlanılır.
Onu da deyək ki, TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illərdə bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olmaq reallaşıb.
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişin təsdiqlənməsi isə Orta Dəhlizin praktiki əhəmiyyətinə müsbət təsir göstərməklə yanaşı, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində sözügedən marşrutla Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsi reallaşıb.
Bir məqamı da qeyd edək ki, ötən müddətdə Azərbaycan Türk Dövlətləri Təşkilatına üz ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında TDT-yə üzv bütün ölkələrlə qardaşlıq münasibətləri olduğunu və dövlət siyasətimizin bu təşkilatı gücləndirmək məqsədi daşıdığını bildirib. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Bu birliyin parlaq ifadəsi statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, 2024-cü ilin ilk rübündə TDT-yə üzv və müşahidəçi statusa malik ölkələrlə ticarət dövriyyəsi 1 milyard 709,1 milyon ABŞ dolları təşkil edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə bərəbər olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, həmin dövrdə Azərbaycan Türkiyə ilə 1 milyard 469,1 milyon dollar, Türkmənistanla 96 milyon 926 min dollar, Qazaxıstanla 70 milyon 829 min dollar, Özbəkistanla 35 milyon 814 min dolar, Qırğızıstanla 23 milyon 382 min dollar, Macarıstanla isə 13 milyon dollar məbləğində idxal-ixrac əməliyyatları həyata keçirib.
2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 150 milyon 291 min dollar, Qırğızıstana 20 milyon 815 min dollar, Türkmənistana 16 milyon 861 min dollar, Qazaxıstana isə 11 milyon 731 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz və ya 1 milyard 574 milyon dollar çox olub. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.
Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır və ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir: TDT-yə üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. Bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.
Vaqif BAYRAMOV
XQ